"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında tovuzluların baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı və sürətli oyun oldu. Hər iki komandanın azarkeşləri futbola zövq qatırdılar. Tovuzlu azarkeşlərə minnətdarıq. Uzun yol qət edib gəliblər. Oyun baxımından futbolçularımdan razı qaldım. Amma təəssüf ki, xırda səhvlər etdik. Bu gün əlimizə düşüən qol fürsətlərindən istifadə edə bilmədik. 3-4 yüz faizlik qol epizodumuz oldu. Daha çox işləməliyik. Futbolçularda olan irəliləyiş bizi sevindirir. Amma bu, yetərli deyil. Önümüzdəki matçlara baxacağıq.
- İkinci hissənin ortalarında "Sumqayıt"ın təhlükəli hücumları oldu. Müdafiəçiləriniz sanki, rəqibi seyr edirdi. Rəqibin bu qədər rahat, məşq edirmiş kimi oynamağının səbəbi nə idi?
- Deyiliş tərzi ilə razı deyiləm. Elə epizod yadıma gəlmir. Rəqib əks-hücum edən zaman geriyə qayıtmaq çətindir. bu, futbolda olar. Rəqib öndədir, qapanıb. Biz də bütün komanda ilə hücuma keçirik. Futbolçularım 90 dəqiqə bu tempə dözdülər. Oyunu gücləndirmək üçün bəzi taktiki gedişlər etdik. Rəqibin elə əks-hücumları olmalı idi. Bundan qaçmaq mümkün deyil. Amma bu, o demək deyil ki, futbolçularım dayanıb tamaşa edirdilər.
- İkinci dövrədə "Sumqayıt"ı Tovuzda məğlub etmişdiniz. Bu qələbədən sonra rəqibin sizinlə matça xüsusi hazırlaşdığınızı düşünmürsüz?
- Xeyr. Bu, futboldur. "Sumqayıt"a da xal lazımdır. Xüsusi nəyinsə olduğuna inanmıram. Hər iki komanda meydanda yaxşı mübarizə apardı.
- Artıq geridə olan komandalar turnir cədvəlində "Turan Tovuz"a yaxınlaşır. Bu, üzərinizdə təzyiq yaratmır?
- Bu beş komanda arasında sona kimi mübarizə gedəcək. Güclər bərabərdir. Çətin oyunlar qabaqdadır. Belə rəqiblərlə matçlarda məğlub olmaq olmaz.
- Şəhriyar Əliyev son dəqiqələrdə əlinə düşən fürsəti dəyərləndirə bilmədi. Həmin an hansı hisslər keçirdiniz?
- Məni sevindirən odur ki, son saniyəyə kimi futbolçular hücumda oldular, rug=hdan düşmədilər. Tək Şəhriyarın epizodu deyildi. Ondan əvvəl də bir neçə fürsətimiz oldu. Bu epizodlarda bir az soyuqqanlı olmaq lazımdır.
- Hesabdan başqa sizi narazı salan məqam nə oldu?
- İki oyundur çox ucuz səhvlər edirik. Bu, nəticəyə təsir edir. "Qarabağ"la matçda da ani top itkisindən sonra yerlərimiz boş qaldı. Bunun üzərində işləməliyik.
- Matçın sonlarında dördlü müdafiə sisteminə keçdiniz. Bu, nə ilə bağlı idi?
- Son dəqiqələrdə risk etməli idik. Bu da bir taktiki gediş idi. Hücumda daha çox olmalı idik.
- İntizam Komitəsi "Turan Tovuz"u 5600 manat cərimələdi. Qərarı ədalətli hesab edirsiz?
- Bizim kimi az büdcəli komandalara bu çox böyük ziyandır. Komandanı çətin vəziyyətə salır. Gərək azarkeşlərimiz də diqqətli olsun. Bu, komandaya ziyan vurur.
Elçin Əlixan
saytlarin hazirlanmasi