"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında tovuzluların baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Mühüm qələbə qazandıq. Çünki, çətin səfərdəydik. "Şamaxı" evdə yaxşı və əzmkar oynayır. Bilirdik ki, burada hər komanda qalib gələ bilmir, xal apara bilmir. Son oyunlarımızda bir az şanssızlığımız olurdu. Halbuki xallar qazana bilərdik. Hansısa dəqiqələrdə səhvlər məğlubiyyətimizə səbəb olurdu. Bu gün daha diqqətli və etibarlı oynadıq. Çünki biz də, "Şamaxı" da uduzmaq istəmirdi. Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Bizi tək qoymamışdılar. Mühüm üç xal idi. Çünki, "Şamaxı" ilə xal fərqi çox yaxın idi. Çətinliklərimiz də var idi, cəzalı və zədəlilər var. Futbolçularımdan razıyam. Hansı komanda qol vursaydı, qalib gələcəkdi. Şükürlər olsun ki, biz qol vurub, qalib gəldik.
- Demək olar ki, öz oyun fəlsəfənizi "Turan Tovuz"da tətbiq edə bilmisiz?
- Oyundan oyuna, rəqibdən rəqibə fərq var. "Şamaxı"nı analiz etmişdik. Bilirdik ki, rəqib çox sıx müdafiə olunur və sürətli hücumlara çıxır. Top itkisindən sonra futbolçularımızın davranışı önəmli idi. Müdafiəni yarmaq da çətin idi. Oyun da elə başladı ki, fikirləşdiyimiz göründü. Səbrli olmaq önəmli idi. Çünki oyunlar var ki, səbr etməlisən. Matçın tempi onu tələb edir. Bəhrəsini də gördük.
- "Şamaxı" səfərində kubok da daxil olmaqla üçüncü görüşünüzə çıxdınız və yenə 1:0 qalib gəldiniz...
- Statistikanı dediniz, maraqlı gəldi. Real baxaq ki, "Şamaxı" evdə heç kimə rahat uduzmayıb. Bəlkə də heç kəs gözləmirdi, amma bu il yaxşı futbol göstərirlər. Yerlilərdir hamısı. Çox futbolçu burada üzü çıxdı. İddialı komandalar da "Şamaxı" səfərində əziyyət çəkiblər, qalib gələ bilməyiblər. Bu mənada, dediyiniz amil bizi sevindirir.
- "Turan Tovuz"a yeni sponsor gəldiyi xəbərləri dolaşır. Yeni sponsorlarla görüşmüsüz?
- "Şamaxı", "Kəpəz", "Qəbələ", "Turan Tovuz" - ümumiyyətlə, bölgə klublarına sponsor lazımdır. Çünki, tək dövlətin ayırdığı pulla mübarizə aparmaq olar, amma inkişaf etmək çox çətindir. Bu gün həm icra hakimiyyəti, həm AFFA, həm FİF həqiqətən sponsor axtarırdılar. Belə söhbət var. Yəqin ki, yaxınlarda dəqiqləşsə, ictimaiyyətə də bildiriləcək.Bu gün tam dəqiq bir şey deyə bilmərəm. Fikrim budur ki, bölgə klublarına sponsor olmalıdır ki, dediyimiz çatışmazlıqları aradan qaldıraq, uşaq futbolunun və əsas komandanın inkişafında rol oynasın.
Mirbağırağa
saytlarin hazirlanmasi