"Turan Tovuz" Azərbaycan kubokunda yarımfinala gəlibsə, niyə də finala çıxmasın?" - MÜSAHİBƏ

19:57 - 20 Fevral 2023

“Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev Qol.az saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- Nadir müəllim, əvvəlcə "Turan Tovuz"un səfər matçında "Sabah"a qalib gəlməsi (2:0) haqda danışaq. Bunu sürpriz nəticə hesab edənlər də var. Sizin fikirləriniz necədir? 

- Düzdür, "Sabah çempionluğa oynayan bir komandadır. Kimlər üçünsə sürpriz ola bilər. Amma bundan əvvəl biz səfərdə "Sabah"a 1:3 hesabı ilə uduzanda 10 nəfərlə oynamışdıq. Tovuzda isə komandamız yaxşı çıxış etmişdi. Sonda 0:1 hesabı ilə uduzmuşduq. "Turan Tovuz"un "Sabah"a qarşı yaxşı oynayaraq qələbə qazanmasını sürpriz hesab edirlər. Sözün düzü, bizim üçün sürpriz deyil. Biz hər bir nəticəyə hazır idik. Heç-heçə də ola bilərdi, uduza da bilərdik. Amma hər oyuna qələbə üçün çıxdığımıza görə bu, bizim üçün sürpriz olmadı. "Qarabağ"la matçda da qələbə üçün oynayırdıq. Ola bilər ki, güc, heyət baxımından həmin görüşdəki mümkün uğurlu nəticə sürpriz kimi qələmə verilə bilərdi. Amma o da bizə sürpriz olmazdı.

 

- Ümumiyyətlə, "Turan Tovuz"un qış fasiləsindən sonrakı çıxışını necə dəyərləndirirsiniz?

- Biz yayda komandanı hansı vəziyyətdə formalaşdırmışıq, bunu bizə yaxın olanlar, komandanın daxilində olan insanlar bilir. Çox çətinliklər çəkmişik. Hətta mətbuatda yazırdılar ki, topları, formaları yoxdur. Amma hesabımızda pul olduqdan, büdcəmiz formalaşandan sonra artıq biz də müəyyənləşdirdik ki, hansı heyəti qurmalıyıq. Düzdür, müəyyən çatışmazlıqlarımız oldu. Amma biz qış təlim-məşq toplanışında bu çatışmazlıqları bacardığımız qədər aradan qaldırdıq. Ona görə də komanda qışda Antalyada yaxşı təlim-məşq toplanışı keçdi. Yeni transferlərimiz oldu. Əsas boşluqlarımızdan biri sol cinahda idi. Ayxan Abbasovun istədiyi mövqe bu idi. Sadəcə olaraq transferə gücümüz çatmadı. Bəzi axsamalarımız oldu. Amma bir tərəfdən də inanırıq ki, komandanın, kollektivin, məşqçi heyətinin əziyyətinin bəhrəsini görəcəyik. 

 

- "Turan Tovuz" son 3 oyunda qol buraxmadan qələbə qazanıb. Bunun ikisi "Huner Group"la sponsorluq müqaviləsi imzalamanızdan sonraya düşür. Uğurlu seriya isə bundan əvvəldən başlayıb. Yəni komandanın son nəticələrini sırf sponsorla bağlamaq düzdür?

- Hələ mövsümün əvvəlində Ayxan müəllimlə oturub danışırdıq ki, biz təməli düzgün qoymalıyıq ki, pillə-pillə inkişaf edək. Bunun üçün də yaxşı kollektiv formalaşdırmalıyıq. Bu gün "Hüner Group"un "Turan Tovuz"a sponsorluq etməsi təbii ki, yaxşı dəstək, motivasiyadır. Amma bilirsiniz, futbolda bir çox amillər var. Komanda qələbə qazandıqca azarkeş sayı, dəstək də çoxalır. Bunların hamısı birləşib bir komananın nəticə verməsinə gətirib çıxarır. Bu gün bizim Premyer Liqada 26 xalımız var. Qarşıda isə kifayət qədər oyunlar durur. Bizdən yuxarıda olan komandalarla o qədər də böyük xal fərqimiz yoxdur. Özümüzdən aşağıda olan komandalarla da xal fərqimiz çox deyil. Hər an hər şey ola bilər. Qısa olaraq bunu deyə bilərəm ki, "Huner Group"un "Turan Tovuz"a sponsorluq etməsi, dəstək olması əlbəttə ki, motivasiya verir. 

 

- Ayxan Abbasov qısa zamanda yaxşı kollektiv formalaşdırıb. Komanda inamlı oyunu ilə seçilir. Rəhbərlik olaraq baş məşqçinin işini necə qiymətləndirirsiniz?

- Mövsümün əvvəlində büdcəmizin nə qədər olduğu bilinmirdi, sponsorumuz yox idi. Bir ara dedilər ki, 500 min manat vəsait olacaq, bu məbləğlə komanda formalaşmalıdır. Sonra dedilər ki, dövlət tərəfindən vəsait ayrılır. Biz həmişə Ayxan müəllimlə müzakirələr aparırdıq. Fikirləşirdik ki, nə vaxtsa belə bir imkan olsa. sağlam kollektiv qurub gələcəyin komandasını yaradarıq. Yəni "Turan Tovuz" adına layiq bir kollektiv formalaşdırmaq istəyirdik. Mən Ayxan Abbasovun işini görmüşdüm. Çünki o, "Sumqayıt"da işləyərkən də stadiona gedib, oyunlarını izləyirdim. Demişdim ki, Allah nəsib etsə, bir gün birlikdə işləyərik, "Turan Tovuz"u formalaşdırarıq. Ayxan Abbasovun işini yüksək qiymətləndiririk. O, komanda, kollektiv, bir ailə formalaşdırır. Ayxan müəllimin özəlliyi budur. Bu, mənim Ayxan Abbasovda ən çox bəyəndiyim xüsusiyyətlərdən biridir. 

 

- Dünənki qələbə ilə bağlı komandaya verilən mükafat əvvəlkilərdən fərlənəcək?

- Klubun büdəsi bəlli olduqdan sonra ilin əvvəlində cədvəl tutulur. Əmək haqqından tutmuş hər şey ora daxil olunur. Yəni, orada hər oyunun özünün mükafatı göstərilir. Müzakirələrimiz gedir, bunu məşqçi də, rəhbərlik də, futbolçu da bilir. Bu gün komanda qələbə qazandısa, futbolçular bilir ki, nə qədər mükafat alacaqlar. Bunu oyundan əvvəl də bilirlər. İndi bəzi komandalar var ki, onlarla heç-heçə üçün də mükafat var, qələbə üçün də. İnanıram ki, yeni sponsorun gəlişində sonra mükafatlar nəzərdə tutduğumuzdan daha yaxşı olacaq. Hər oyuna uyğun mükafat verilir. Ev oyunu, səfər oyunu məslələri var. Həm də baxır hansı rəqibə qarşı oynayırıq. Lider komandalarla matçın mükafatı tamam başqadır. Ortada gedən, autsayder komandalara qarşı oyunların mükafatı isə tam ayrıdır. Yəni, hər şey öncədən bəlli olur. 

 

- “Turan Tovuz”da heç-heçələrə görə mükafat olmur?

- Bəzən olmaya bilir. Çünki həmin matçda bizi ancaq qələbə qane edir. Hər şey rəqibdən asılıdır.

 

- Yeni sponsor əməkdaşlığından sonra hər halda klubda müəyyən işlər görüləcək. Hansı planlarınız var?

- Dəyişikliklər olacaq. Stadionda çatışmazlıqlarımız var, görüləsi işlərimiz çoxdur. Bizə vacib olan müəyyən məsələlər var. "Huner Group"un təsisçisi Ehtiram Quliyev özü də açıqlamasında bildirmişdi ki, kənardan başqa cür görünə bilər, amma daxilə gələndən sona görürsən ki, daha vacib məsələlər var. Bu gün üçün vacib məsələlərdən biri də stadionun işıqlandırılmasıdır. Bu işlərin yaxın gələcəkdə mütləq olacağını deyə bilərəm.

 

- Meydançanın süni ot örtüyünün dəyişdirilərək təbii qazon salınması nəzərdə tutulur? 

- Bu gün bizim bir meydançamız var. O da sünidir. Digər mini meydançalarımızın da hamısı süni ot örtüklüdür. Əslində elə bir yer yoxdur ki, biz ot örtüyünü dəyişək, təbii edək. Bu gün üçün ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmur. Bizim əsas komandadan əlavə 11 komandamız var. Buraya əvəzedici komanda, aşağı yaş qruplarından ibarət komandalar da daxildir. Başqa meydançamız olmalıdır ki, komandalarımız orada məşq etsin, burada ot örtüyü dəyişdirilsin. Bu gün belə yüklənmənin altında ot örtüyünü dəyişdirmək çox çəti olar. Süni ot örtüyü 12 komandamıza bəs edir. Təbii ot örtüyü belə yüklənməyə dözə bilməz. 

 

-  Yəqin ki, klubun hədəfləri mövsümün əvvəli ilə müqayisədə dəyişib. Çünki o zaman şərtlər də fərqli idi. 

- Biz komandanı formalaşdıranda məqsəd Premyer Liqada qonaq qismində yox, daimi olaraq qalmaq idi. Əsas hədəfimiz də təməli düzgün qoymaq idi ki, gələcəyin komandasını formalaşdıraq. Amma belə götürəndə "Turan Tovuz" Azərbaycan kubokunda yarımfinala gəlibsə, niyə də finala çıxmasın? Bu gün bizim o potensialımız var. Rəqibimiz bəllidir. "Neftçi" kimi güclü komandaya qarşı oynayacağıq. Amma imkanımız var. Biz də istəyirik ki, "Turan Tovuz" finala çıxsın. Addım-addım irəli getdikcə məqsədlər də böyüyür. Təbii ki, biz finala çıxsaq, məqsədimiz kuboku qazanmaq olacaq. Ona görə də bu gün yaxşı, mübariz komanda formalaşdırıb çempionatın daimi üzvü olmaq, bacardığımız qədər də Azərbaycan kubokunda finala çıxmaq istəyirik.

 

- Qarşıda 13 tur var. 4-cü pillədə qərarlaşan "Zirə" ilə aranızdakı xal fərqi isə 6-ya bərabərdir. Yəni, komandanın Premyer Liqada da şansları az deyil.

- Turnir cədvəlinə baxanda görünən odur ki, xal fərqi böyük deyil. İstər "Qəbələ" ilə, istərsə də "Zirə" ilə. Amma yenə deyirəm, çempionatın əvvəlində məqsədimiz o deyildi ki, biz bu komandalarla başabaş mübarizə aparaq, Konfrans Liqasına vəsiqə qazanaq. Titul qazanmaq kimi hədəfimiz yox idi. Amma indi görürük ki, bu gün belə bir imkan var. Əlimizdəki imkanlardan kollektiv olaraq maksimum şəkildə istifadə etmək istəyirik. Burada sırf futbolçu, məşqçi yox, birlik olaraq istəyirik ki, bacardığımız qədər yüksək pillələrə qalxaq. 

 

- "Turan Tovuz" uğurlu çıxış etdikcə, çempionatımıza rəng qatdıqca belə fikirlər formalaşır ki, bu komanda daha əvvəldən Premyer Liqaya buraxılmalı idi. Siz bununla bağlı necə düşünürsünüz?

- Bəllidir ki, biz 2 dəfə birinci divizionda çempion olduq. Mətbuat da yazırdı ki, "Turan Tovuz" Premyer Liqaya buraxılsın. Hamısını izləyirdik, sağ olsunlar. Əslində hamımız deyirdik ki, komanda Premyer Liqaya buraxılsın.  Amma inanın ki, “Turan Tovuz”a yaxın duran yox idi. Kimsə gəlib dəstək olmurdu. Mövsümün əvvəlində mənə sizin kimi sual verdilər ki, komanda formalaşdırmaq istəyirsiniz? Mən o vaxt dedim ki, mən söz verirəm ki, azarkeşlər "Turan Tovuz"un Premyer Liqada olmağından, onun mübarizliyindən, oyunundan zövq alacaqlar. Bu, birdən-birə olmayacaq, amma yavaş yavaş baş verəcək. Çünki biz Ayxan müəllimə, kollektivə inanırdıq. Bilirdik ki, komandanı formalaşdıracaq. Bu gün bizim üçün də müsbət haldır ki, dediklərimiz təsdiqini tapmaqdadır. "Turan Tovuz" çempionata rəng qatır. İstər azarkeşləri ilə, istərsə də oyunu ilə.

Xəbər xətti