"Neftçi"yə uduzsaq da, inamsızlıqdan söhbət gedə bilməz, kollektivdəki ab-hava yaxşıdır" - MÜSAHİBƏ

12:49 - 10 Mart 2023

"Turan Tovuz"un yarımmüdafiəçisi Xəyal Nəcəfov Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" səfərdə "Neftçi"yə məğlub oldu. Səncə, nəyə görə, bu cür hesab qeydə alındı? 

- Hər matça olduğu kimi, bu oyuna da uğurlu nəticə üçün çıxmışdıq. Meydanda yaxşı mübarizə apardıq. Sadəcə ani diqqətsizliklər qapımızda qolla nəticələndi. Yoxsa, pis oynamırdıq. Artıq bu oyun geridə qalıb, biz növbəti matça hazırlaşırıq.

- Komanda "Neftçi" ilə bu mövsüm Bakıda 0:0 oynaya bilmişdi. Səncə bu dəfə niyə xal ala bilmədiniz? İlk oyunla müqayisədə, bu dəfə nəyi edə bilmədiz?

- Onsuzda, bir oyun digərinə oxşamır, hər zaman fərqlilik olur. Dediyim kimi, bu dəfə də xal qazanmaq istəyirdik. Lakin bu dəfə baş tutmadı. Heç nə olmaz. Yolumuza davam edirik. "Neftçi" hazırda üst pillələrdə olan komandadır. Gücləri də hamıya bəllidir. 

- Ölkə kubokunda da "Neftçi" ilə qarşılaşacaqsınız. Kubokdan əvvəl çempionatda onlara bu cür hesabla uduzmağınız yarımfinal görüşləri öncəsi inamsızlıq yaratmayacaqki?

Xeyr, uduzsaq da, heç bir inamsızlıqdan söhbət gedə bilməz. Biz yeni komandayıq, Premyer Liqada ilk ilimizdir. Kollektivdəki ab-hava yaxşıdır və özünəinam yerindədir. Kubokla çempionat oyunu onsuzda heç vaxt eyni olmur. Kubok matçına hələ zaman var.

- Ümumiyyətlə, çempionat oyununda gördüyünüz qədərilə "Neftçi"ni keçmək ehtimalınız nə qədərdir? 

- Kubok matçları çox gərgin keçir və öncədən nəyisə proqnozlaşdırmaq olmur. Ola bilər ki, "Neftçi"ni favorit göstərsinlər. Lakin biz hər iki görüşdə sona qədər mübarizə aparıb, finala adlamaq istəyəcəyik. Necə alınacağını zaman göstərəcək.

- "Turan Tovuz" növbəti turda "Qəbələ" ilə qarşılaşacaq. Bu görüşdə komandanızın qələbə qazanmaq şansını necə dəyərləndirirsən?

- Hazırlıqlarımızı davam etdiririk. "Qəbələ"nin yaxşı komanda olduğunu bilirik. Ciddi hazırlaşırıq. İstəyirik ki, azarkeşlərimizin qarşısında uğurlu nəticə qazana bilək. Ümidvaram ki, hər şey bizim istədiyimiz kimi gedəcək və sevinən tərəf olarıq. 

- Artıq bu mövsüm "Neftçi"yə qarşı dəfələrlə oynamısan. Səncə, göstərdiyin performans "Neftçi"nin səni geri qaytarmasına kömək olacaq?

- Bu barədə bir söz deyə bilmərəm. Çünki heç nə bilmirəm. Mövsümün sonunda hər şey dəqiq bilinəcək. Hazırda icarə əsasında "Turan Tovuz"dayam və bu komanda üçün əlimdən gələni edirəm. Amma "Neftçi"yə məxsusam. Necə olacağını yayda biləcəyik. 

- Bir ara milli komandamıza cəlb edilirdin. Son vaxtlar yığmaya dəvət olunmursan. Qarşıdakı matçlar üçün bu dəvətin gələcəyini gözləyirsən?

- Millidə oynamaq şərəfdir. Bu, hər bir futbolçu üçün sevindirici haldır. Millidə oynadım və həmin hissi yaşadım. İndi də, dəvət etsələr, canla-başla gedib millinin formasını qürurla daşıyaram. Seçimi baş məşqçi edir. Gələrsə, əla olar, gəlməsə də, ruhdan düşümürəm, məşqlərimi davam etdirirəm.

Mirbağırağa

Xəbər xətti