"Azərbaycanda elə baş məşqçi yoxdur ki, Emin Mahmudovu komandasında görmək istəməsin"

11:24 - 11 Mart 2023

Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatır. 30 yaşlı yarımmüdafiəçi hələ də "ağ-qaralar"la yeni sözləşmə imzalamayıb.

30 yaşlı yarımmüdafiəçiyə başqa klublarda da təkliflər olduğu deyilir. Millimizin kapitanının karyerasını harada davam etdirəcəyi hazırda maraqla gözlənilir. Mövzu ilə bağlı futbol meneceri Erkin İbrahimovla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən İbrahimov Emin Mahmudovun daha yaxşı şərtlərlə müqavilə təklifi gözlədiyini dedi:

"Normal haldır. Müqaviləsi bitən futbolçu daim axtarışda olur. Artıq Emin Mahmudovun yaşı da keçir. Fikirləşir ki, maliyyə cəhətdən bəlkə yaxşı təklif gəldi. Çünki, Emin "Neftçi"də çıxış edir. Eyni vəziyyət Ramil Şeydayevdə də müşahidə olunur. Bu, istənilən ölkə üçün, istənilən futbolçu üçün normal vəziyyətdir. Emin klubun yetirməsi də deyil ki, burada sadiqlik ön plana çıxsın. Futbolçu hələ gözləyir. Onu başa düşürəm".

Erkin İbrahimov Emin Mahmudova digər klublardan təkliflərin olması barədə də danışdı. O, futbolçunun oyunu ilə yanaşı insani keyfiyyətlərinin də yüksək olduğunu bildiridi:

"Əlbəttə ki, Mahmudova başqa klublardan təkliflər olacaq. Azərbaycanda elə baş məşqçi yoxdur ki, onu komandasında görmək istəməsin. Futbol keyfiyyətlərindən əlavə, insani keyfiyyətləri də çox yüksəkdir. Şəxsən tanıyıram, çox mədəni, alicənab insandır. Məktəbdə hər sinifdə müəllimə yardım edən, sevimli şagirdlər olur. Emin də "Neftçi"də elədir. Komandada məşqçilər dəyişib, amma Mahmudov hamısı ilə dil tapıb, heç biri ilə problem yaşamayıb. Məşqçilər futbolçulara fikirlərini məhz Emin vasitəsilə çatdırırlar".

İbrahimov futbolçunun Azərbaycanın iddialı klubları olan "Qarabağ" və "Sabah"a mümkün keçidi ehtimalı haqda da danışdı. Onun sözlərinə görə hər iki komandanın sistemi Mahmudovun oyun üslubuna yaxındır:

"Qarabağ" da, "Sabah"da ola bilər. Hər iki komanda Eminin oyun üslübuna yaxın futbol sərgiləyir. Mahmudov "Neftçi"də kifayət qədər yaxşı maaş alır. İnanmıram ki, maaşdakı cüzi dəyişikliyə görə komandadan getsin. Tanıdığım üçün deyirəm. "Neftçi"də onu hər şey qane edir. Düzdür azarkeşlərlə müəyyən problem yaşadı. Məncə, "Neftçi" uğursuz nəticələr göstərəndə qınanılası sonuncu adam Emin Mahmudovdur. Hazırda durum elədir ki, çox güman ki, Emin klub rəhbərliyi ilə yeni müqavilənin detallarını müzakirə edir. Qışda edilən transferlər ümid yaratdı ki, "Neftçi" daha yaxşı olacaq, üçüncü yerdə sürünməyəcək. Klubun idman direktoru da əminliklə Eminin komandada qalacağını dedi. Mən də futbolçunun "Neftçi"də davam edəcəyini düşünürəm".

Elçin Əlixan

Xəbər xətti