"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 26-cı turunda doğma meydanda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çətin oyun oldu. Bilirik ki, "Qəbələ"nin oturuşmuş heyəti var, yüksək pillələr uğrunda mübarizə aparırlar. Biz bu gün daha çox nəticəni fikirləşirdik. Evdə bəzi matçlarımız olub ki, yaxşı oynayıb məğlub olmuşuq. Bu, futbolçuların üzərində psixoloji gərginlik yaradırdı. Hava isti idi. Keçid dövrüdür, bir-iki matç çətin olacaq. Bizim də, rəqibin də qol vəziyyətləri oldu. Hər xal bizim üçün vacibdir. Dördüncü dövrə çox çətin keçəcək. Yolumuza davam edəcəyik.
- Natan Oduvanın durumu necədir?
- Bu, bizim üçün böyük itkidir. "Neftçi" ilə matçda zədələnmişdi. Dünən bizimlə məşq etmişdi, yaxşı idi. Matçdan əvvəl eyni yerdən xəsarət aldı. Runi Eva da zədələndi. İtkilərimiz var. Milli fasilədən sonra gərgin qrafikimiz olacaq. Hamının sağlam olması vacibdir.
- Növbəti mövsüm üçün qarşınıza məqsəd qoyulub?
- Yox. Növbəti mövsüm üçün hansısa yeri tutmaq qarşıma məqsəd qoyulmayıb. Ağır keçid dövründən keçdik. Bu gün şükürlər olsun ki, kluba sponsor gəlib. Onların da futbola baxışı önəmli idi. İsətiyirik ki, Tovuza gələn rəqiblər buranın bölgə olmasını hiss etməsinlər. İşıqlandırma sistemi, yeni meydançalar salmaq lazımdır. İnkişaf etmək istəyirik.
- Azarkeşlərin təzyiqindən qorxmursuz? Bir dəfə mövsümün əvvəlində sizin ünvanınıza istefa şüarı səsləndirilmişdi...
-İstefa deməmişdilər. Futbolçularla problem olmuşdu, mən də araya girmişdim. Bizim azarkeşlərimiz nümunəvidir. "Neftçi"yə məğlub olduğumuz oyundan sonra bizi yanlarına çağırdılar. "Turan Tovuz"un inkişafı üçün səbrli olmalıyıq.
- Klubla 3 illik müqavilə imzaladınız. Rəhbərlikdən hansı tələbləriniz oldu?
- Rəhbərliyin məndən nə istədiyini bilirəm. Gücüm çatmayan bir şey olsaydı, razı olmazdım. Səbrli olmalıyıq. Bir ildə hər şeyi dəyişmək olmur. Stabil olmaq lazımdır. Bu gün sırf nəticəyə köklənməli deyilik. Rəhbərliyin yanaşması xoşuma gəlir. Hər məşqçi istəyər ki, bir yerdə uzun müddət işləsin.
- Məsuliyyətinizin artdığını düşünürsüz?
- Əlbəttə. Sağolsunlar ki, mənə güvənirlər. Bizim işimiz çox çətindir. Bizə inanırlar, onların inamını doğrultmalıyıq. Artıq indidən gələn mövsümün komandasını qurmaq istəyirik. İndidən oyunçular izləyirik.
Elçin Əlixan
saytlarin hazirlanmasi