Laurentsiu Regekampf: "Qarabağ"a futbolçu verməyimiz mümkün deyil"

21:52 - 16 Mart 2023

"Neftçi" Azərbaycan Premyer Liqasının 27-ci turunda doğma meydanda "Kəpəz"lə 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regakampf jurnalistlərin suallarını cavablandırıb:

- Oyunu özümüz çətinləşdirdik. Birinci yarıda sürətli oynamırdıq. Əks-hücumda rəqibə imkanlar yaradırdıq. Bilirdik ki, bu cür matçlarda belə şeylər baş verir. Oyunçularla bu haqda danışmışdıq. Şanslarımız yarandıqda qola çevirsəydik, oyun daha da açıq keçərdi və hər şey istədiyimiz kimi olardı. Qol vurduq, geridönüş yaratdıq. İkinci qolu vurduqdan dərhal sonra qol buraxdıq. Üçüncü qolu da vurduq, oyundankənar vəziyyət var idi. Sonda da belə hesab qeydə alındı. Gözlədiyimiz oyun olmadı, amma irəliyə baxırıq. Çempionatda fasilə yaranacaq, çalışacağıq ki, daha yaxşı hazırlaşaq. Futbolçuların arxasında dayanaraq, onlara özünəinam vermək istəyirik.

- Üçüncü qol vurularkən ofsayd olmadığına dair reaksiya verirdiniz. Baxdınız təkrara?
- Arxamızda tribunada hamı deyirdi ki, təmiz qoldur. Ola bilsin ki, referidən fərqli görürük. Amma bunu şərh etmək istəmirəm. Sadə epizod idi, görə bilərdi. Elə də çətin qərar deyildi. Bir epizodda oyunçu iştirak etmirsə, ona görə qərar verə bilməzsən. Ömər Buludov içəri qaçdı, amma top ondan arxada idi, topa aidiyyatı yox idi. Amma onlar belə qərar verdilər.

- Sona 7 tur qalıb. "Sabah"a çatmaq şanslarınızı necə dəyərləndirirsiz?
-Dediyiniz kimi 7 tur var qarşıda. Oyunçulara, komandaya inanıram. Onlara çatmağa potensialımız var.

- Üçüncü dövrədə "Sabah"dan başqa heç bir komandadan iki qol buraxmamışdınız. Bu vəziyyət sizi narahat edir?
-Doğrudur. Biz bu haqda danışmışıq. Bayaq dediyim kimi, rəqibə çoxlu şanslar vermişik. Rəqibdən daha aralı dayanırdıq. Hətta irəlidə istədiyimiz alınmasa da, arxada kompakt, yaxın dayanmalıyıq bir-birimizə. Üç-dörd gündən bir oyun olanda problemlər yaranacaq. Eyni aqressivlik olmur. Elə oyunçular da yoxdur ki, yorulanları əvəzləyək və meydana daxil olandan sonra fərq yaratsınlar. Son matçda sintetik meydançada oynadıq. Üç günümüz var idi ki, futbolçuları bərpa edək. Bu günlər ərzində yalnız dünən məşq etdik və bu gün oyuna çıxdıq. Bəzi futbolçular üçün çətindir.

- Qurban Qurbanov "Qalatasaray"la oyun üçün 2-3 futbolçuya ehtiyacları olduğunu və digər klublarımıza müraciət edəcəklərini bildirib. "Neftçi" bu köməyə hazırdır?
- Bizim özümüzün də yoldaşlıq oyunumuz var. Əsas heyətdən 6-7 futbolçu millilərdə olacaq. İstədiyimiz proqramla davam etmək üçün U-19-dan oyunçular cəlb etdik. Hər komandanın öz proqramı var. Bu cür addım atmaq çətin olar. Təsəvvür edin ki, oyunçularımız başqa komandalar üçün oynayacaq və zədə alacaq. Ödənişləri kim edəcək? Düşünürəm ki, bu, mümkün deyil.

- Solomon Kvirkveliya və Voyislav Stankoviç bütün görüşlərdə 90 dəqiqə oynayırlar. Onlar "Kəpəz"in sürətli hücumları qarşısında çətinlik çəkirdilər. Avrokuboklarda necə olacaq?
- Harada səhv olduğunu bilirik, nəyin üzərində işləməli olduğumuzu da həmçinin. Futbolçularımı burada tənqid etmək istəmirəm. Oyunu analiz etdikdən sonra bu mövzu haqda danışacam. Solomon Kvirkveliya və Voyislav Stankoviç bizim üçün vacib oyunçulardır. Həm də çox təcrübəlidirlər. Sürətli olmasalar da, təcrübə hesabına vəziyyətə hakim ola bilirlər. Qarşıda bir neçə oyunumuz var. Çalışacağıq ki, onlara köklənək.

Mirbağırağa

Xəbər xətti