Bu mövsüm Premyer Liqada oyunu ilə diqqətləri üzərinə çəkən futbolçulardan biri də Natan Oduvadır. O, "Turan Tovuz"un heyətində sərgilədiyi performansla Premyer Liqada mövsümün ən yaxşı legioneri adını qazanmağa real namizəddir.
Natan Oduvanın yaxşı oyun sərgiləməsi tovuzlu azarkeşləri sevindirsə də, mövsüm sona yaxınlaşdıqca ortaya hamını qayğılandıran məsələ çıxır. Oduvanın "Turan Tovuz"la müqaviləsi mövsümün sonunda başa çatır.
Aydındır ki, klub Oduvanı heyətində saxlamağa çalışacaq. Amma heç kimə sirr deyil ki, Natan digər klubların da maraq dairəsindədir. Sportal.az saytına açıqlama verən "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov bu istiqamətdə işlərin getdiyini dedi:
"Hal-hazırda bizi qarşıda çətin oyunlar gözləyir. Xal ehtiyatımız bizi bir qədər rahatlaya bilər, amma ilk növbədə Premyer Liqada yerimizi qorumalıyıq. Təbii ki, artıq indidən gələn mövsümün planlarını da cızırıq. Çalışırıq əlimizdə olan yaxşı futbolçuları saxlayaq. Çatışmazlıqlar olan mövqelər üçün də artıq indidən axtarışlar aparırıq.
Natan Oduvaya gəlincə, ötən mövsüm az şans qazanırdı. "Turan Tovuz"a gələndən sonra xeyli irəliləyiş etdi. İndiki durum belədir ki, hər şey futbolçunun özündən asılıdır. Ona öz təklifimizi edəcəyik. Natan Oduva nə qərar versə, klub buna hörmətlə yanaşacaq".
Qeyd edək ki, Natan Oduva cari mövsümdə "Turan Tovuz"un heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi