"Neftçi"nin veteran qolkiperi Rauf Mehdiyev Sportal.az saytına müsahibə verib.
- "Neftçi" qışdan sonra ölkə çempionatında yalnız "Sabah"a məğlub olub, digər matçlarda isə uduzmur. Son turda da "Sumqayıt"a böyükhesabla qalib gəldilər. Bu komandanın çıxışını uğurlu hesab edirsən?
- Bəli, cəmi bir dəfə “Sabah”a uduzdular. Ondan sonra isə xalları yığırlar, yaxşı da çıxış edirlər. İkinci pillədəki “Sabah”dan 5 xal geridədirlər. Amma yəqin ki, “Neftçi” çempion ola bilməyəcək. Çünki “Qarabağ”la xal fərqi çoxalıb. Yəqin ki, bu mövsümün də çempionu “Qarabağ” olacaq.
- “Neftçi"nin çempionluğu mümkünsüz görünür. Komanda kuboku qazanmaq istəyir. Bu baş verə bilər?
- Elədir. “Neftçi”nin kuboku qazanmaq üçün yaxşı şansı var. Hər halda, bu mövsümü titulla başa vurmaq istəyirlərsə, bunun üçün hər şeyi edəcəklər. Çünki titul qazanmaq öz əllərindədir.
- "Neftçi"nin qışda heyətə cəlb etdiyi futbolçular barədə hansı fikirdəsən? Daha çox hansı futbolçunu bəyənirsən, Mateus Saldanya, Kilan Lebon ya Höccət Haqverdini?
- Məncə, bu futbolçuların heç biri pis futbolçu deyil. Əgər "Neftçi" onları transfer edibsə, yəqin ki, köməkləri dəyəcəyini düşünüblər. Lebon pis oynamır. Höccət Haqverdini də hamımız tanıyırıq. Millidə də çıxış edir. Məncə, qışda gələnlər yaxşı çıxış edir, komandaya kömək edirlər.
- Özün də qapıçı olmusan deyə, İvan Brkiçin çıxışını dəyərləndirməyini istəyərdim. Xorvatiyalı "Neftçi"yə xeyir verəcək qapıçıdır?
- Bu mövsüm “Neftçi”nin əksər oyunlarına baxmışam. Məncə, komanda qapıçı problemi yaşamır. Çünki İvan Brkiç mövsümü çox yaxşı səviyyədə keçirir. “Neftçi”nin xallar toplamasında, uğurlu çıxışında İvan Brkiçin də payı çoxdur. Hər matçda komandanı təhlükəli epizodlardan xilas edir.
- "Sabah"la "Neftçi" arasında beş xallıq fərq var. Demək olar ki, "Neftçi" ikincilik uğrunda da mübarizə apara biləcək?
- Bəli, ikincilik uğrunda gedən mübarizədə gərginlik artıb. Çünki xal beş fərqə enib. Üç xallıq sistemdə isə beş xal fərqi çox deyil. "Neftçi" də, "Sabah" da ikinci yeri tutmaq üçün sona qədər mübarizə aparacaq. Mənə elə gəlir ki, “Sabah” da mövsümü yaxşı səviyyədə keçirir və onlar bu şansı əldən buraxmayacaq. Fikrimcə, gümüş medalları elə “Sabah” götürəcək.
- Necə düşünürsən, "Neftçi" finala çıxmasa və ya kuboku qazanmasa, Laurentisu Regekampfı baş məşqçi postundan göndərəcəklər, yoxsa yenə də şans vermək olar?
- Bu, rəhbərliyin verəcəyi qərarlardır. Hər halda, onlar götür-qoy edib lazımı qərarı verəcək. Bu barədə mənim nəsə deməyim doğru olmazdı.
Mirbağırağa
saytlarin hazirlanmasi