Laurentsiu Regekampf: "Məğlub olandan sonra sevinə bilmərik"

20:50 - 22 Aprel 2023

"Neftçi" Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Bütün futbolçuları bərpa edib bu oyuna hazırlamaq çətin idi. Düşünürəm ki, bu gün hər top uğrunda mübarizə apardıq. İlk hissədə yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə çalışdıq, amma rəqib qapısı qarşısında böyük şanslar yarada bilmədik. Bütün fikrimiz kubokun cavab matçındadır. Evdə oynayacağıq. Ümid edirəm ki, bizi dəstəkləməyə çoxlu azarkeş gələcək.

- İkinci hissədə qapınızda çoxlu qol epizodları oldu. Bunun səbəbi nədir?

- Üç gün öncə bütün komanda ilə Tovuzda idik. 12 saat avtobusla yol gedib-gəlmişik. Oyunçuları bərpa etməyə çalışdıq. Tovuzda oynamayan futbolçular üçün də asan deyildi. Üç gün ərzində süni örtüklü meydançada iki oyun keçirdik. Biz komanda olaraq buna öyrəşməmişik. Bu cür meydançada oynayanda həmişə çətinlik yaradır. Buna görə müdafiədə bəzi səhvlər edirdik. Amma Höccət Haqverdi ilə Mert Çelikin oyunundan razı qaldım. Bizə ümid verdilər.

- Tovuz səfərindəki məğlubiyyətin psixoloji təsiri var idi?

- Əlbəttə ki, hər məğlubiyyətin komandaya təsiri olur, asan həzm olunmur. Məğlub olandan sonra sevinə bilmərik.

- Aqil Məmmədova qarşıdakı matçlarda şans verməyib düşünürsünüz?

- Bizim bütün diqqətimiz növbəti oyundadır. Hazırda qapıçı haqda sual verməyi məqsədəuyğun hesab etmirəm. İvan Brkiç də yaxşı oyunlar keçirir. Hər iki qapıçı hazırdır. Oyundan-oyuna qapıçı dəyişə bilmərik.

- "Neftçi"nin hazırkı durumu sizi qane edir?

- Ümid edirəm ki, kubokun finalına çıxarıq. Əlbəttə ki, çempionatda futbolçularımdan daha yaxşı oyun gözləyirəm. Çempionatın sonuna yaxın bütün oyunları təhlil edəcəyik. Ondan sonra bu haqda danışa bilərik. 

- Titul qazanmaq ambisiyanız var?

- Əlbəttə ki, ambisiyalarım var. Oyunçularıma da demişəm ki, bu il kubok qazanmalıyıq. Çünki, hər birimizin CV-sində titullar qalacaq.

Elçin Əlixan

Xəbər xətti