Laurentsiu Regekampf : "Finalda uduzmaq ağlımdan keçmir"

22:50 - 26 Aprel 2023

"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Sportal.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Bu cür hissləri çox sevirəm. Sevinirəm ki, komandam ilk dəqiqələrdən sona qədər futbol oynamağa çalışırdı. Biz bütün komponentlərdə rəqibi üstələmişdik. Məğlub da ola bilərdik. Son 3-4 matçda bəxtsizliyimiz var idi. Hazırda sevinirik. Oyun haqda çox danışmalı deyilik. Kubok matçları hər zaman fərqlidir. Nəticə hər iki komanda üçün açıq olur. Sevinirik ki, finalı doğma stadionumuzda keçirəcəyik. Bir aya qədər vaxtımız var ki, istədiyimiz kimi hazırlaşaq. Hər şeyi edəcəyik ki, kuboku qazanaq.

- Emin Mahmudovun vurduğu qola qədər nə düşünürdüz? 

- Rəqib 6 oyunçu ilə müdafiə olunurdu. Ona qarşı nə taktika fikirləşə bilərəm? Hər epizodda yerə yıxılıb, vaxt aparırdılar. İki dəfə top qapı tirinə tuş gəldi, sonra iki qol vurduq, bəxtsizlik oldu, çətin idi. Cinahdan rəqib müdafiəsini yarmağa çalışdıq. Həm Ömər Buludov, həm də Azər Salahlı oyuna güclü qoşulmağa çalışdılar. Sezar Meza Kolli topla olanda təhlükə yaradır. Yeqor Boqomolski elə hücumçudur. Ona qarşı oynamaq çətindir. Yeqorun ötürməsi bizi finala daşıdı. Meydanda hər bir oyunçu bacardığını etməyə çalışdı. Rəqib arxaya divar hörəndə, çətin olur. İnanın, əminliklə deyə bilərəm ki, ikinci dəqiqədəki qol sayılsaydı... Xatırlayırsız, "Kəpəz"lə matçda son dəqiqələrdə qol vurduq, xətti başqa cür çəkmişdilər. Mən gördüyüm o idi ki, Emin yox idi ofsayd epizodunda. Bəlkə Ataa Caber var idi. Ömərin epizoduna baxsaq, ona cərimə təyin olunursa, onda Tovuzdakı matça nəzər yetirək. Şəhriyar Əliyev Mateus Saldanyanı harada tururdusa, vururdu. Toplu və topsuz. Kifayət qədər insanlar var ki, referi haqda danışa bilər. Mən öz komandam haqda danışa bilərəm.

- Bu heyət avrokuboklarda neçə mərhələ keçməyinizə imkan verər?

- Gəlin, bu haqda indidən danışmayaq. Çünki final oyunumuz var. Futbolçuları hazırlamalıyıq.Bəzi oyunçularımız zədəlidir, onlarla maraqlanmalıyıq. Ataa Caber, Eddi İsrafilov, Azər Əliyev 100 faiz hazır deyil. Bu ay onlarla işləməliyik. Bütün konsentrasiyanı finala yönləndirəcəyik. Həm də çempionat matçlarına. Mövsüm tam bitdikdən sonra qarşıdan gələn sezonun planı haqda danışa bilərik. Amma biz bəzi dəyişikliklərə hazırıq. Komandanı daha güclü etmək istəyirik.

- Yeqor Boqomolskinin tam istəniləni verməsi üçün nə qədər vaxt lazımdır?

- Gəncdir. Əvvəldən meydana çıxanda 10 km qaçır. Ona qarşı oynamaq çətindir. Hər zaman hərəkətlidir. Hər zaman qapıya doğru gedir. Əminəm ki, oyundan-oyuna daha yaxşı olacaq. Mateus Saldanyaya da rəqabət lazımdır. Saldanya istədiyimizi edə bilməyəndə, dərhal Yeqorla dəyişiləcək. Ümid edirəm ki, qarşıdakı sezonda ehtiyat skamyada oyunçular olacaq. Çünki bəzi məşqlərdə əvəzedici heyətdən 6-7 futbolçu çağırırıq ki, kifayət qədər oyunçu olsun. Belə olanda futbolçular istədiyi səviyyəyə gəlib çata bilmir. Həftəboyu ancaq rəqib kimi əvəzedici heyətə qarşı oynayırsansa, matçda fərqli şəkil görünür. Daha güclü olmaq üçün, daha güclü rəqabət lazımdır. Futbolçular istədiyimiz səviyyədə çıxış etməyəndə, onlar ehtiyatda oturacaq və digərləri oynayacaq. Onda "Neftçi" daha güclü olacaq.

- Əlavə vaxt üçün xüsusi planınız var idi?

- Niyə elə düşünək? Gəlin, indiki məqama sevinək. İnanın ki, o ssenarini düşünmək istəmirəm.

- Kubokda 0:1 uduzduqdan sonra geridönüş edirsiz. Final isə bir oyundan ibarətdir...

- Kubok oyunları çempionat matçlarından fərqli keçir. Finalda evimizdə oynayırıq. Biz hazır olmalıyıq. Çünki bir oyundur. Hər bir komanda qalib ola bilər. Çox üzücüdür finalı uduzmaq. Mənim ağlımdan da keçmir. 

- Finalda hansı komandanı gözləyirsiz?

- Fərqlidir. Biz onu müqayisə edə bilmərik.Final oyunudur, hər iki komanda çox yaxşı hazır olacaq. Böyük istək olacaq. Əgər oynayacağın rəqibin səndən zəif olduğunu düşünsən, oyuna 100 faiz köklənmədən çıxsan, uduzacaqsan.

- "Neftçi"nin "Qarabağ"la oyunu təxirə salındı. Arada yaranan müddət futbolçulara mənfi, yoxsa müsbət təsir edəcək? 

- Qələbə "Neftçi"yə daha yaxşı təsir edir. Çünki atmosfer daha yaxşı olur. "Qarabağ"a qalib gəlməyə çalışacağıq. Asan matç olmayacaq. Ümid edirəm ki, bu yarımfinal oyunundan sonra komandanı istədiyim səviyyəyə gətirib çıxara biləcəm. Əlbəttə ki, böyük emosiya dolu oyun olacaq, mübarizə gedəcək. İki komanda da futbol oynayacaq.

Mirbağırağa

Xəbər xətti