"Neftçi"nin kapitanı: "Son dəqiqələrdə də, qol vuracağımıza inanırdıq"

10:23 - 27 Aprel 2023

"Neftçi"nin kapitanı Emin Mahmudov ölkə kubokunun yarımfinal mərhələsinin "Turan Tovuz"la cavab görüşündən sonra jurnalistlərə açıqlama verib. 

Sportal.az xəbər verir ki, matçda ilk qolu vuran "ağ-qaralar"ın kapitanı oyunu da dəyərləndirib:

"Təbii ki, çox yorğunam. Psixoloki olaraq çətin matç idi. İlk oyunu Tovuzda uduzmuşduq deyə, gərginlik var idi. İstənilən halda, ilk dəqiqələrdən çox yaxşı mübarizə aparırdıq, qol epizodları da yaratdıq. Dördüncü dəqiqədə təkbətək epizodundan fərqlənməliydim ki, komanda üçün rahat olsun. Ancaq bunu edə bilmədim. Vaxt keçdikcə vəziyyət daha da çətinləşirdi. "Turan Tovuz" da bütün komanda ilə müdafiədə olunurdu. Son dəqiqələrdə də, qol vuracağımıza inanırdıq. Şükür Allaha, bunu edə bildik".

Mahmudov son dəqiqələrdə cərimə zərbəsindən vurduğu qolu bu cür şərh edib: "Cərimə zərbələri yaxın məsafədə olanda, hiss edirəm ki, yaxşı zərbə endirə bilərəm. Bəzi epizodlarda qol vurmaq alınmır. Amma bu dəfə inanırdım ki, qapıya düşsəm qol olacaq. Çünki məsafə uzaq deyildi. Əsas odur ki, qalib gəldik".

Mirbağırağa

Xəbər xətti