"Neftçi"nin vurduğu birinci qoldan sonra ayıla bilmədik"

14:30 - 27 Aprel 2023

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına açıqlama verib.

O, ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında komandasının "Neftçi"yə 0:2 hesabı ilə məğlub olmasını şərh edib:

"Oyunun ağır keçəcəyini, "Neftçi"nin ilk dəqiqələrdən təzyiq edəcəyini bilirdik. Təzyiqdən çıxmağa çalışırdıq. Rəqibin usta futbolçuları çoxdur. İlk yarıda yaxşı mübarizə apardıq. İkinci hissədə də pis mübarizə getmirdi. Sadəcə olaraq son yeddi dəqiqədə diqqətsizliyə yol verdik. "Neftçi"nin vurduğu birinci qoldan sonra ayıla bilmədik. Dərhal ikinci qolu buraxdıq. Final əlimizin içində idi. Bu elə oyun idi ki, sona qədər mübarizə aparmalıydıq. Əlimizdən gələn hər şeyi etdik, sadəcə diqqətsizlik bizi finaldan məhrum etdi. Toparlanmaq lazımdır. Çünki qarşıda vacib çempionat oyunlarımız var".

Təcrübəli futbolçu bundan sonra komandasının Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağını söyləyib: "Son pillə ilə xal fərqimiz də çox azdır. Çalışacağıq ki, ən azından 6-cı pilləni tuta bilək. Bu turda "Zirə" ilə oynayacağıq, qarşıdakı turda "Neftçi" ilə. Kubokda finala çıxa bilərdik. Amma alınmadı. Toparlanacağıq ki, "Zirə" ilə görüşdə xallar qazanaq. "Neftçi" ilə matçdakı uğursuzluğun psixoloji cəhətdən komandaya təsir edəcəyini düşünmürəm. İki turdan sonra "Neftçi" ilə qarşılaşacağıq. Onlar "flaqman"dır, yaxşı komandadır, amma çalışacağıq xal qazanaq. Hər hansı gərginlikdən söhbət gedə bilməz. Onlar da finala çıxmaq istəyirdi, biz də. Böyüdüləcək bir şey yoxdur. Sadəcə evdə xal qazanmağa çalışacağıq".

Mirbağırağa
 

Xəbər xətti