"Həmin epizod qol olmasaydı, daha 90 dəqiqə oynasaydıq da, "Neftçi" bizə qol vura bilməyəcəkdi" - MÜSAHİBƏ

12:21 - 28 Aprel 2023

"Turan Tovuz"un qapıçısı və əsas kapitanı Kamal Bayramov Sportal.az saytına müsahibə verib.

- "Neftçi" ilə matçdan sonra futbolçular psixoloji olaraq özünə gəlib? 

- Oyundan sonra komandaya istirahət verilmişdi. Daha çox oynamayan futbolçular məşq etdi. "Neftçi"yə qarşı oynayan futbolçuların hamısı istirahətdəydi. Bu gün bir yerə yığışacağıq. Komandamıza, baş məşqçimizə, rəhbər şəxslərimizə inanıram və güvənirəm ki, biz birlikdə bu durumdan çıxış yolunu tapa biləcəyik. Futboldur, dünən dünəndə qaldı. İrəliyə baxmaq lazımdır.

- Artıq "Neftçi" matçının üstündən iki gün keçib. Yəqin ki, yenidən oyuna baxmısınız. Səncə, "Turan Tovuz" finala niyə adlaya bilmədi?

- Komanda olaraq oyunun təkrarına birlikdə baxmamışıq. Amma yəqin ki, ayrı-ayrılıqda hər bir futbolçu bunu edib. "Neftçi" ilə oyunun təkrarına üç dəfə baxmışam. Düzdü, şanslarımız var idi, finala çıxa bilərdik. Çalışdıq ki, həmin şansdan yararlanaq. Amma bunu edə bilmədik. Pis olduğumuz tək məqam azarkeşlərimizin üzülməsidir. Bizi üzən başqa heç nə yoxdur. Çünki futboldur və belə hallar yaşanır. Vəziyyətə peşəkar yanaşırıq. Sadəcə o cür gözəl azarkeşlərimizin üzülməsi bizi pis edir. Finala çıxmağımıza mane olan nə idi? Komandanın təcrübəsi çatmadı. Konsentrasiya da son dəqiqələrdə itmişdi. Çox güc sərf edilmişdi. "Neftçi"nin də heyətində çox keyfiyyətli, oyunun taleyini dəyişəcək futbolçular var. Ani diqqətsizliklərimiz oldu. Elə epizodlar var idi ki, orada daha diqqətli oynaya bilərdik. Başda mən olmaqla, bütün komanda yoldaşlarımı nəzərdə tuturam. Alınmadı, amma bu da dünyanın sonu deyil. Yeni komandayıq, ilk ildəcə ölkə kubokunda yarımfinal həyəcanı yaşadıq. Bu, gələcəyə ümid verir ki, daha maraqlı və gözəl futbol nümayiş etdirmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimiz üçün həqiqətən də çox üzülürük.

- Əksər insanlar "Turan Tovuz"un ultramüdafiə futbolu oynadığını düşünür. Səncə, "Neftçi"yə qarşı başqa cür oynaya bilməzdiniz, yoxsa rəqibi yalnız belə saxlaya bilərdiniz?

- Bu gün kimin nə düşünməsi önəmli deyil. Ancaq hamının fikrinə hörmətlə yanaşıram. "Neftçi" ilə bizi müqayisə edirlərsə, büdcəyə baxsınlar, real duruma fikir versinlər. Rəqibin heyətindəki çox keyfiyyətli futbolçulara qarşı yeni qurulan komanda bu cür mübarizə aparırsa, belə ajiotaj yaradırsa, bu, bizim üçün uğur sayıla bilər. Keçsəydik, nə deyəcəkdilər, nə danışacaqdılar? Çox maraqlıdır. Olmadı. Klub kimi böyüməyimiz üçün yaxşı tənqidləri qəbul edirik. Ancaq lazımsız tənqidlər də var. Kiminsə kiməsə futbol öyrətməyə, taktiki-texniki baxımından ağıl verməsinə ehtiyac yoxdur. Məncə, hərə öz işi ilə məşğul olsa, daha yaxşıdır. Çünki qarşımızdakı rəqibin gücü, büdcəsi, keyfiyyəti, hər şeyi hər kəsə bəllidir. Bunun üçün universitet oxumağa, hazırlıqlara gedib bu keyfiyyətlər haqda məlumat toplamağa ehtiyac yoxdur. "Neftçi"nin gücü hamıya bəllidir də. Ona görə də, kim nə deyir, kim nə danışır...Biz sadəcə deyilən fikirlərə hörmətlə yanaşırıq. Hərə bir fikir səsləndirə bilər. Amma məntiqli düşünən insan bilir ki, qarşımızdakı komanda kim idi, hansı səviyyədə idi. Biz istəyərək müdafiə olunmurduq ki, rəqib bizi məcbur etdi.

- Emin Mahmudovun cərimə zərbəsindən vurduğu qolu necə xatırlayırsan? Həmin epizodda zərbə güclü idi, yoxsa Mahmudovun topu "Turan Tovuz" futbolçularından ibarət canlı səddin üstündən vuracağını düşünürdün?

- Eminin həmin nöqtələrdən çox yaxşı zərbələri var. Özü də, bir çox qolları olub. Zərbə yaxşı idi, həm də qarşımda "Neftçi" futbolçularından ibarət ikinci canlı sədd dayanmışdı. Elə epizod idi ki, təsəvvür edin həmin dəqiqəyə qədər komandanı xilas etmisiz, qol buraxmamısız və həmin epizodda da komandaya maksimum kömək olmaq istəyirsən. Emin indiyə qədər cərimə zərbələri zamanı bağladığım küncə vurmamışdı. Yəni, qapıçının qoruduğu yeri nəzərdə tuturam. Mahmudovun vurduğu qolda özümü günahkar hesab edirəm. Kim orada foul etdi, necə oldu, bu barədə danışmaq istəmirəm. Özümü analiz etməyi bacaran biriyəm. Eminin zərbəsini dəf etsəydim, oyunun taleyi başqa cür olacaqdı. Böyük qapıçılarda da səhvlər edir. Səhv etməyən futbolçu ya tribunada olur, ya da ehtiyatda.

- Yəqin ki, Mahmudovun zərbəsinin qol olmasına imkan verməsəydin, sonrakı dəqiqələrdə qapının toxunulmazlığını saxlamaq mümkün olardı, yoxsa "Neftçi" çox güclü təzyiq edirdi və istənilən halda, sizin üçün təhlükə davam edəcəkdi?

- Allahın qədəri var. Amma bir şeyi deyim. Emin Mahmudovun vurduğu cərimə zərbəsi zamanı, ikinci canlı səddə oyundankənar vəziyyət var idi. Çünki canlı sədd tərpənirdi və mənə maneçilik törədirdilər. Topun gəlişi zamanı hərəkətləri oldu. O epizoda təkrar baxıla bilər. Ancaq keçdi, getdi. Allahın qədəri belə imiş. Allah istəmədən həyatda heç nə olmur. Əgər həmin epizod qol olmasaydı, ondan sonra daha bir 90 dəqiqə oynasaydıq “Neftçi” bizə qol vura bilməyəcəkdi.

- "Turan Tovuz"un çempionatdakı işləri də çətindir. Qrafikiniz ağırdır. Səncə, Premyer Liqada qala biləcəksiz? Özü də növbəti turda "Zirə"nin qonağı olacaqsız...

- Biz də çempionatda yerimizi qoruyub-saxlamaq istəyirik. Bunun üçün maksimum çalışacağıq. İnanmıram ki, uşaqlar əllərini aşağı salsın. Bizi “Zirə” səfəri gözləyir. Ondan sonra “Neftçi”ni qəbul edəcəyik. Çempionatdakı qrafikimiz ağırdır. Qarşımıza qoyulan hədəf çempionatda qalmaqdır. Bunun öhdəsindən gələcəyik. “Zirə” səfəri həmişə bizə çətin olub. Xala çox ehtiyacımız var. Bunun üçün maksimumu edəcəyik. Yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, xallarımızı toplayaq və Tovuza uğurlu nəticə ilə dönək.

Mirbağırağa

Xəbər xətti