"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, maraqlı və gərgin oyun olacaq. Seriyamızı davam etdirmək istəyirdik. "Qəbələ"ni bu il məğlub edə bilməmişdik. Vacib 3 xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirik.
- Kubokda mübarizəni dayandırandan sonra çempionatda daha yaxşı çıxış edirsiz. Kubokun üzərinizdə təzyiq yaratdığınızı düşünmürsüz?
- Komandaya həmişə inanmışam. Ən çətin durumlarda xallar qazanmışıq. Kubokun stressi bizi çox sıxırdı. Bu, bəzi oyunlarda bizə mane oldu. Normal haldır. Hər komandanın enişi də, yaxşı dövrü də olur. Bu gün görünən odur ki, düz yoldayıq. Biz gələcəyi düşünürük. "Neftçi" ilə yarımfinal da bir təcrübə idi.
- "Qəbələ"nin avrokuboklar yolunda əsas rəqibi olan "Zirə" sizi matçdan əvvəl stimullaşdırmamışdı?
- Qətiyyən elə şey ola bilməz. "Zirə"yə qarşı da eyni güclə oynamışdıq. Bizim sponsorumuz var. Kiminsə stimuluna ehtiyac duymuruq.
- "Qəbələ" azlıqda qaldıqdan sonra komandanız sanki zəif təsir bağışladı...
- Çox kritik an idi. Qol buraxa bilərdik. Rəqib neçə oyunda geridönüş edib. Buraxdığımız səhv rəqibə motivasiya verə bilərdi. Normal haldır.
- Natan Oduvanın oynamamasının səbəbi nə idi?
- Dünən ağrıları var idi. Yüngül zədəsi var. Oyunun tempi elə idi ki, tam hazır olmayan futbolçunu buraxmaq istəmədik.
- Standart vəziyyətlərin üzərində məşqlərdə xüsusilə çalışırsız?
- Standart vəziyyətlər önəmlidir. Ötürməni verəndən də çox şey asılıdır. İlk hissədə futbolçulara qəzəbləndim. Yaxşı ötürmələr edə bilmədilər. Bu gün Sadiq Quliyevin qol vurmasına çox sevindim. Onu yenidən futbola qazandırdıq. Əlbəttə ki, məşqlərdə bunun üzərində çalışırıq. Bu, bizim üstünlüyümüzdür və bundan istifadə etmək istəyirik.
- Mehman Hacıyevə qapıda şans verməməyinizin səbəbi nə idi?
- Səbəb yoxdur. Mehman Premyer Liqada debüt etdi. Bu, bizi sevindirir. Bu gün Kamal var, təcrübəli qapıçıdır.
- Gələn mövsümün planları qurulub? Kimlər komandada qalacaq?
- Heyətimizi qorumaq və yeni oyunçular gətirmək istəyirik. Avrokuboklar sözü verə bilmərəm. Amma yaxşı olmaq istəyirik. İnkişaf etmək istəyiriksə, ən azı 3 il yaxşı mübarizə aparmalıyıq.
- Uğursuz seriya zamanı sizi tənqid edənlər çox idi. Son qələbələrdən onlara sözünüz var?
- Kiməsə cavab versəm, bu, mənim zəifliyim olar. Düz fikirləri həmişə qəbul etmişəm. Bu gün "Turan Tovuz"dan böyük hədəflər gözləməklə razılaşmıram. Bunlar olmalı idi. Biz dostumuzla düşmənimizi tanımalıyıq.
- "Qəbələ"nin qolundan sonra gərginlik yaşandı. Orada nə baş vermişdi?
- İstəməzdik belə şey olsun. "Qəbələ" komandasını çox bəyənirəm. Onların heyətində olan futbolçunun belə jest etməyi bizi qıcıqlandırdı.
- Sizi müdafiə futbolu oynatdığınıza görə tənqid edirlər. Bu haqda nə deyə bilərsiz?
- Mən heç vaxt avtobus qurmamışam. Bəziləri elə bilir ki, futbolu yaxşı bilir. Amma heç nə bilmirlər. Zəif oyunlarımız da çox olub. Normal haldır. Özümü kiməsə sübut etmək fikrim yoxdur. Komandanın topu, forması olmayanda heç kim gətirib bizə top vermədi.
Elçin Əlixan
saytlarin hazirlanmasi