"Turan Tovuz"un sponsoru "Huner Group"un təsisçisi və direktoru Ehtiram Quliyev dəstək çağırışı edib.
Sportal.az xəbər verir ki, iş adamı bununla bağlı feysbuk hesabında paylaşım edib:
"Dəyərli iş adamları və “Turan”daşlar!
Məlumunuzdur ki, bu ilin fevral ayında biz “Huner Group” olaraq ölkə idmanı və xüsusilə region futbolunun inkişafı üçün "Turan Tovuz" ilə baş sponsorluq müqaviləsi imzaladıq. Əsas məqsədimiz ölkənin ilk müstəqil futbol klubunun inkişafında öz dəstəyimizi göstərmək idi. Bu, uzun müddətdən sonra Premyer Liqaya vəsiqə qazanmış klub üçün çox önəmli idi. 2022/2023 futbol mövsümü başa çatmaq üzrədir. Artıq “Turan Tovuz”un Premyer Liqada qalması dəqiqləşib. Önümüzdəki mövsüm daha güclü klub görmək istəyiriksə, bu işdə bir olmalıyıq!
Əziz dostlar, sizi “Turan”ımıza dəstək olmağa çağırıram!
Klubun inkişafı üçün “Turan” bir neçə sponsorluq təklifi hazırlayıb. Stadionun adı, akademiyanın adı, futbol formasında yazı və s. kimi müxtəlif sponsorluq anlaşmalarından birinə qoşulmaqla siz həm “Turan Tovuz” PFK-nin inkişafına dəstək vermiş olacaqsınız, həm də yeni, böyük miqyaslı platformada reklam olunmaq şansı əldə edəcəksiniz. Vaxtilə Avropa Liqasında oynamış klubumuzun şöhrətini geri qaytarmaq üçün bir olaq, birlikdə “Turan”ımızın bayrağını yüksəklərə qaldıraq!
Sonda isə adı heç bir yerdə, heç bir reklamda keçməməsinə baxmayaraq könüllü, qəlbi daim Turanla döyünən, bir mövsüm boyu klubu təmənnasız içməli su ilə təmin edən MOR-MOR suya dərin təşəkkürümü bildirirəm!"
saytlarin hazirlanmasi