"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Sabah"ı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Səfərdə qələbə qazanmaq möhtəşəm idi. Ötən tur biz də məğlub olmuşduq, "Sabah" da. Bilirdik ki, rəqib ardıcıl iki oyunda məğlub olmaq istəmir. Bu gün futbolçularım soyuqqanlı oynadılar. Bir daha əmin olduq ki, çempionat gərgin keçəcək. Çalışacağıq ki, milli fasilədən səmərəli istifadə edək. "Səbail"ə məğlub olandan sonra rəhbərlik arxamızda durdu. Onlara təşəkkür edirəm. İşimizə davam etməliyik. 3-4 turdan sonra nəticə çıxarmaq tez olar. Bu qələbə heç nə demək deyil.
- Necə olur ki, evdə "Səbail"ə məğlub olub, səfərdə "Sabah"ı udursuz?
- Əlbəttə bu haqda düşünürük. Biz o demək deyil ki, evdə bütün oyunlarda məğlub olmuşuq. Evdə də yaxşı oyunlarımız olub. Çalışacağıq ki, bunu aradan qaldıraq.
- Ev oyunlarınızı süni örtüklü meydançada keçirməyin təsiri ola bilər?
- Əlbəttə. Futbolçular süni meydançanı sevmirlər. Ən çox da legionerlər. Əməliyyat olunan futbolçular özlərini riskə atmaq istəmir. Bunun çətinliyini transferlərdə yaşadıq. Tək ot örtüyünü bəhanə etmək də düzgün deyil.
- Klub prezidenti bildirib ki, hədəfimiz Premyer Liqada qalmaqdır. Bəs sizin hədəfiniz nədir?
- Bizim hədəfimiz böyükdür. Hədəf odur ki, "Turan Tovuz"u iddialı edək. İddialı olmaq üçün bir il kifayət deyil. Azərbaycanda hamı avrokuboklara getmək istəyir. Bu gün 6-7 transfer edib elə bilirik ki, hazırıq. Ehtiram Quliyev bildirib ki, biz klub olmaq istəyirik. Klub olmaq üçün bütün sahələr inkişaf etməlidir. Hədəfimiz hər oyunda uduzmamaqdır. Reallıqlar var. Oturuşmuş komandalar avrokuboklar uğrunda oynayırsa, bizim bu gün bunu deməyimiz düzgün olmaz.
- Klub rəhbərliyinin sona qədər sizə dəstək verəcəyinə inanırsız?
- Bəli, inanıram. Bizə inanırlarsa, gecəmizi-gündüzümüzü verməyə hazırıq. Çünki, bu, bizim işimizdir. Klubun daxilində möhtəşəm ab-hava var. İnanıram ki, bu çətin yolu birlikdə addımlayacağıq.
- Premyer Liqada qalmağı təmin edəndən sonra akademiyanın yetirmələrinə şans verməyi düşünürsüz?
- Keçən il də bəzi futbolçular Premyer Liqada debüt etdilər. Bu gün akademiyanın yetirmələri əvəzedici komandada çıxış edirlər. Futbolçular hazır olmalıdır. Turnir cədvəli imkan verərsə, əlbəttə şans verəcəyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi