"Futbolçuların hamısı şokda idi, qarşımıza avrokuboklara çıxmaq məqsədi qoyulmamışdı"

18:49 - 31 May 2024

"Turan Tovuz"un futbolçusu Şəhriyar Əliyev Sportal.az saytına açıqlama verib. O, Ayxan Abbasovun komandadan ayrılmağına münasibət bildirib. 

"Ayxan Abbasovun gedişini heç kim gözləmirdi. Futbolçuların hamısı şokda idi. Gözlənilməz oldu. Çempionatın axırıncı turundan sonra hamımız sağollaşıb, istirahəyə yollanmışdıq. Ayrılığın avrokuboklara düşə bilməməyimizə görə olduğunu düşünmürəm. Çünki qarşımıza bu cür məqsəd qoyulmamışdı. Yeni komanda formalaşdırıldı, çempionatda qalmaq uğrunda mübarizə aparırdıq. Bunu da təmin etmişdik. Ardıcıl ikinci il idi ki, altıncı pillədə olurduq. Yeni yaranan kollektiv olduğumuzu nəzərə alsaq, nəticələrimiz yaxşı idi. Avrokuboklara düşməməyimiz həlledici olmadı.

Ayxan Abbasov komandanı sıfırdan yığmışdı, kollektivi qururdu. Günü-gündən komanda daha da formalaşırdı. İndi elə dönəmdir ki, baş məşqçimiz dəyişdi, yerlilərin gedişi, yeni oyunçuların gəlişi....Böyük proses baş verəcək. O da bilinmir ki, gələn il komanda necə olacaq. Belə zamanda baş məşqçinin ayrılması...Əksər yerli və xarici oyunçuların müqavilə müddəti başa çatıb. Zaman hər şeyi göstərəcək. Ayxan Abbasov komandanı elə qurmuşdu ki, inkişaf hiss edilirdi. Gələcəkdə daha da yaxşı olacaqdı".

Əliyev ona təkliflərin olub-olmaması və “Turan Tovuz”da qalıb-qalmayacağından danışıb: "Klubla heç bir danışığımız olmayıb.Baş məşqçi ayrılandan sonra heç kimlə əlaqə saxlanılmayıb. Komandada qalacağıq, ya yox zaman göstərəcək".

Mirbağırağa
 

Xəbər xətti