Ehtiram Quliyevin iddialı "Turan Tovuz" arzusu - Futbolun hər üzünü görmüş Berdıyev 

12:48 - 26 İyun 2024

Kurban Berdıyev deyəndə, adamın ağlına gələn ilk şey onun şah əsəri sayılan "Rubin"in səfərdə "Barselona"nı məğlub etməsidir. O dövr üçün MDB məkanının maraqlı komandalarından biri idi. Berdıyevi geniş auditoriyaya tanıtdıran həmin "Rubin" olub. 

Onun "Rostov"dakı işini də vurğulamaq lazımdır. 2014/15 mövsümünün gedişində komandanın başına keçib Premyer Liqadan düşməkdən xilas edən Berdıyev, növbəti mövsüm "Rostov"a gümüş medallar qazandırıb. Bahalı heyətə malik olmayan, mövsümboyu maliyyə sıxıntıları içində boğulan komandanı Çempionlar Liqasına çıxartmaq onun məşqçilik bacarığından xəbər verən hadisə idi. 

Kurban Berdıyevin son dayanacağı "Dinamo" Mahaçqala olub. Dağıstan klubu onun rəhbərliyi altında I divizionda qış fasiləsinə lider kimi yollanıb. Lakin rəhbərliklə müəyyən fikir ayrılıqları üzündən qışda baş məşqçi postunu tərk etmək qərarına gəlib. Buna rəğmən, onun qurduğu komanda mövsümün yekunlarına görə, tarixində ilk dəfə Premyer Liqaya vəsiqə qazanıb. 

Berdıyevin "Neftçi", "Sabah" kimi imkanlı klublarımıza gəlişini gözləmək olardı, amma "Turan Tovuz"da peyda olmasını planlaşdırmaq çətin idi. Çünki bölgə klubu böyük büdcəyə malik deyil. Amma belə görünür ki, klubun rəhbəri, iş adamı Ehtiram Quliyev bu mövsüm daha iddialı "Turan Tovuz" arzusundadır. Ona görə də, büdcəni artırıb, təcrübəli mütəxəssis gətirib komandanın başına. 

Kurban Berdıyev nəticə verməyi bacaran məşqçidir. İntizama diqqət yetirən, öz oyun fəlsəfəsini aşılaya bilən, daha çox nəticəyə hesablanmış sistemə üstünlük verən mütəxəssisdir. 72 yaşlı çalışdırıcı necə deyərlər, futbolun hər üzünü görmüş adamdır. 

Hal-hazırda transfer bazarının ən fəalı "Turan Tovuz"dur. Təcrübəli məşqçinin istəyi ilə artıq Rusiyadan iki qapıçı gətirilib. Yerli bazarda da keçidlər həyata keçirilir. Kurban Berdıyevin qarşısına qoyulan tələb avrokuboklara vəsiqə qazanmaqdır. Prinsipcə, onun kimi təcrübəli mütəxəssis üçün yerinə yetiriləsi tapşırıqdır. Qalır gözləmək! 

Həmid

Xəbər xətti