Futbol səhnəsində yenilənmiş "Turan Tovuz" - Kurban Berdıyevin qurduğu sistemin unikallığı

20:54 - 30 Avqust 2024

Kurban Berdıyevin təyinatı Tovuz əhli üçün yeni bir duyğu idi. Klubun tarixi ərzində buralara belə tanınmış məşqçi gəlməmişdi heç vaxt. Yaxşılığa doğru dəyişikliyə inanırdılar, amma 5 turdan sonra liderliyə inanan çox olmazdı. 

"Turan Tovuz" uzun yolun ilk dayanacağına 13 xalla çatıb. 5 oyunda yalnız 1 heç-heçə, qalanı qələbələr. Unikallıq yaınız qol buraxmamaqda deyil. Berdıyev elə bir sistem yaradıb ki, uzatma dəqiqələrini də nəzərə alsaq, komanda 450 dəqiqədən çox bir vaxtda qapısında rəqiblərinə tək-tük qol epizodu verib, ya verməyib. 

Hərçənd, Kurban Berdıyev "Səbail"i məğlub etdikləri bugünkü oyundan sonra narazılıq edib. Komandanın ikinci hissədə nə hücumda, nə də müdafiədəki oyunundan məmnun qaldığını deyib. Daha yaxşı "Turan Tovuz" görmək istəyir. Bu komandanın potensialını daha böyük görür, tələblərini də gözləntilərinə uyğun qoyur. 

Milli komandaların oyunlarına görə yaranmış fasilə çatışmazlıqlar üzərində işləmək üçün yaxşı fürsətdir. Berdıyev korrektələrini edib, səhnəyə daha yaxşı "Turan Tovuz" çıxarmaq niyyətindədir. 

Tovuz camaatı çoxdandır arzusunda olduğu mənzərəyə şahiddir. Komandaları liderdi, heç kimə uduzmayıblar, uda-uda gedirlər. Sonrası barədə danışmaq çətindir. Bircə onu demək olar ki, yerli azarkeşlər indiki anın həzzini yaşamağa layiqdilər. 

Həmid

Xəbər xətti