"Çox güman ki, "Turan Tovuz" avrokuboklara vəsiqə qazana biləcək"

20:23 - 28 Sentyabr 2024

"Turan Tovuz" yaxşı futbol oynayır. Mehriban, yaxşı kollektiv yığılıb ora. Təbii ki, burada Kurban Berdıyevin də öz rolu var. Onun ətrafında işləyən bütün insanların da həmçinin. Onları təbrik edirəm və gələcəkdə uğurlar arzulayıram. Düzdür, son turda uduzdular. Ancaq məncə, yenə də uğurlu nəticələr qazanacaqlar".

Bu sözləri Sportal.az saytına açıqlamasında azərbaycanlı futbol veteranı Rüfət Quliyev deyib.

Vaxtı ilə "Turan"ın şərəfini qorumuş və bu komandanın heyətində avrokuboklar matçında da oynamış Quliyev, Tovuz təmsilçisinin Premyer Liqadakı çıxışını dəyərləndirib:

"Turan Tovuz" liderlər sırasında olacaq. Bunun isə nümayiş etdirdikləri futbol deyir. Həqiqətən də yaxşı futbol oynayırlar, yaxşı komandadır. Özü də, digər komandalar üçün də bərk rəqibdir. "Turan Tovuz"a çox yaxşı kollektiv yığılıb, futbolu bilən rəhbərliyi, futbolu oynaya bilən futbolçuları var. Çox güman ki, "Turan Tovuz" bu mövsüm avrokuboklara vəsiqə qazana biləcək. Özü də, mövsümün əvvəlində yığılan xallar sonda həlledici olur".

51 yaşlı mütəxəssis 1992-1995 və 2005-2006-cı illərdə "Turan"da oynayıb. Bununla yanaşı, o, "Xəzri"(Buzovna), "Qarabağ", "Şəfa", "ANS Pivani", "Esteqlal"(Tehran), "Sanat-Naft" klublarında oynayıb.

 

Xəbər xətti