"Şamaxı"nın kapitanı: "Zirə"yə son 10 dəqiqəyə qədər bir epizod da verməmişdik"

14:49 - 24 Sentyabr 2025

"Şamaxı"nın kapitanı Rafael Məhərrəmli Sportal.az saytına açıqlama verib. O, komandasının Misli Premyer Liqasının 5-ci turunda "Zirə"yə 1:2 hesablı məğlubiyyətini şərh edib: 

"Belə oyunlardan sonra danışmaq həqiqətən də çox çətindir. Amma düşünürəm ki, çox yaxşı oynadıq. Demək olar ki, son 10 dəqiqəyə kimi “Zirə”yə bir epizod da verməmişdik. Amma futboldur da, belə şeylər olur. Bundan sadəcə dərs çıxarıb, yolumuza davam etməliyik. Hər kəs əlindən gələnin ən yaxşısını etdi. Amma daha diqqətli ola bilərdik. Azacıq konsentrasiyamız çatmadı. Şans da Junior Martinşin yanında oldu".

Məhərrəmli, komandasının turnir cədvəlindəki hazırkı durumuna da aydınlıq gətirib. Bununla yanaşı, o, növbəti turda qarşılaşacaqları "Araz-Naxçıvan"la oyun barədə fikirlərini bildirib: "Çempionat yeni başlayıb, cəmi 5 tur geridə qalıb. Qarşıda hələ çox tur var. Bundan da yaxşı olacağıq. Oyunlara baxsaq, nəinki rəqiblə eyni, hətta onlardan da üstün oynadığımız da olub. Ancaq nəticə önəmlidir. Növbəti turda "Araz-Naxçıvan"la qarşılaşacağıq. Onlar da, biz də son turda ağır oyundan çıxmışıq. "Zirə"yə qarşı oyunu unudub artıq "Araz-Naxçıvan"la matça hazırlaşırıq. Artıq bu görüşə fokuslanmışıq. "Araz-Naxçıvan" çox yaxşı komandadır. Maraqlı oyun olacağı dəqiqdir".

Mirbağırağa

Xəbər xətti