AFFA-nın bu il bərpa etdiyi Superkubok matçını keçirməyə çalışsa da, barışmaz rəqiblər “Neftçi” və “Xəzər Lənkəran” arasındakı qarşılaşma hələlik baş tutmur. Baxmayaraq ki, qalib komandaya təqdim ediləcək kubok, eləcə də iştirakçılara veriləcək medallar artıq hazırdı.
Deyəsən, ölkənin ən güclüsünün adı qışda bilinəcək. Hər halda, PFL prezidenti belə düşünür: “Bu gedişlə yəqin ki oyun qışda keçiriləcək. Mübariz müəllim təklif etmişdi ki, qışda, Antalyada keçirilsin. Bu variant da gündəmdədi. Ancaq bunun baş tutması üçün Türkiyə Futbol Federasiyasının razılığı lazımdır. Bəlkə də yanvarda Bakıda keçirdik. Bir sözlə, məsələ hələ dəqiqləşməyib”.
Musayev azarkeşlərin oyunu izləməsinə imkan yaradılacağını da vurğulayıb: “Azarkeşlərin bir hissəsini klublar aparar. AFFA da 60-70, bəlkə də 100 tərəfdarın oyunu izləməsini üzərinə götürə bilər. Həm də bildiyiniz kimi, cari mövsümdə bu komandalar arasında keçiriləcək oyunlarda qonaq komandaların azarkeşləri iştirak etməyəcək”.