"Portuqaliya yüksək liqasında çıxış edən klubdan mənə təklif var idi" - MÜSAHİBƏ

14:22 - 28 Sentyabr 2024

Albaniyanın "Eqnatiya" klubunda oynayan Zamiq Əliyev Sportal.az saytına müsahibə verib.

- Son turda "Eqnatiya" “Partizani"yə 0:2 uduzdular. Matç sizin üçün necə alındı?

- Oyuna ilk dəqiqələrdən yaxşı başladıq. Meydanda istədiklərimizi və planlaşdırdığımızı etməyə çalışırdı. Hər şey bizim üçün yaxşı alınırdı. Ancaq qol vura bilmədik. Sonda da rəqib qollarını vuraraq qalib gəldik. Halbuki qələbə üçün oynayırdıq. 

- Komanda "Vlajniya" və "Partizani"dən sonra üçüncü pillədədir. Demək olar ki, çempionluq mübarizəsində bu üç komanda olacaq...

Bəli, burada çox gərgin mübarizə gedir. “Vlajniya”, “Partizani”, “Tirana” köklü klublardı və çempionatın yeni başlamasına baxmayaraq çempionluq uğrunda ağır mübarizə gedir. Biz “Eqnatiya” olaraq əlimizdən gələn hər şeyi edəcəyik ki, çempionluğu qazanaq. Hər şey bizdən asılıdır. Bütün komanda olaraq bir hədəfimiz var, çempionluğu qazanmaq. Bunu bacaracağıq. Sona qədər inanıram. 

- Komanda ÇL-də təsnifat mərhələsində başladı və Konfrans Liqasına qədər gəldi, amma qruplara düşə bilmədi. Avrokubokara düşə bilməmək komandaya psixoloji mənada nə dərəcədə təsir etdi?

Hədəfimiz ən azından Konfrans Liqasının qrupuna düşmək idi. Ancaq əfsuslar olsun ki, bunu bacara bilmədik. Təbii ki, məğlub olduğunuz zaman üzgün olursan. Çox istəyərdik ən azı Konfrans Liqasının qrupunda oynayaq. Ancaq olmadı. Artıq bunlar geridə qaldı. Yolumuza baxırıq, bütün fikrimiz çempion olmaqdır.

- "Eqnatiya"da əsas heyət üzvünə çevrilmisən. Heç sənə indidən maraq artıb? İstər Azərbaycan klublarından, istərsə də Avropa klublarından?

Şükür Allaha, burada işlərim qaydasında gedir. Təbii ki, burada stabil oynadığım üçün maraq da artıb. Mənə Azərbaycandan elə də maraq yoxdur. Ancaq ölkə xaricindən təbii ki, var. Albaniya çempionatı xarici skautların izlədiyi liqadır. Albaniyadan Avropanın aparıcı liqalarına bir çox futbolçu transfer olur. Açığı, bu yaxınlarda Portuqaliya yüksək liqasında çıxış edən klubdan mənə təklif var idi. Sadəcə azad agent kimi ora keçməyimi istəyirdilər. Bu da təbii ki, mümkün olan deyildi. Çünki “Eqnatiya” ilə müqaviləm var. Məni transfer etmək istəyən klub müəyyən qədər təzminat ödəməlidir. Təbii ki, qısa zamanda Portuqaliya klubununun diqqətini çəkməyim özüm üçün xoş oldu. Lakin dediyim kimi, onlar azad agent kimi müqavilə imzalamaq istəyirdi. Ona görə baş tutmadı. İndi bütün fikrimi “Eqnatiya”ya yönəltmişəm. Burada daha uğurlu çıxış etməyə çalışıram. Mənim üçün də xeyirlisi olar.

- Maraqlıdır, özün üçün neçə il limit təyin etmisən ki, hansı müddətə daha yaxşı liqaya və daha yaxşı komandaya yollanacaqsan?

Özüm üçün hansısa vaxt təyin etməmişəm. Sadəcə ən qısa zamanda burada yaxşı performans göstərərək, daha yaxşı, daha böyük liqalara keçmək istəyirəm. Əsas hədəfim də budur. Bundan əvvəl də demişdim ki, Albaniyaya gəlməkdə hədəfim daha böyük klublara, liqalara keçmək, Azərbaycan milli komandasının şərəfini qorumaqdır. Təbii ki, bunu ən qısa müddətdə etmək istəyirəm. Bu il bütün diqqətimi "Eqnatiya"nın uğurlarına yönəltmişəm. İstəyirəm ki, bu mövsüm komandanın çempionluq yolunda faydalı olum və çempionluq qazanım. Belə olacağı təqdirdə, kifayət qədər təkliflər gələcək. Əminəm. Hər şey özümdən asılıdır. Dediyim kimi, burada performans verib komandamın çempionluğunda payım olarsa, fayda verə bilsəm, təkliflərin gəlməsi mümkündür. Özümü ən yaxşı tərəfdən göstərib, ən qısa müddətdə komandama da müəyyən qədər pul qazandıraraq daha güclü liqalara transfer olaram. 

- Son olaraq, millinin son toplanışına dəvət edilmədin. Səncə, növbəti turdakı Estoniya ilə oyunlar üçün Fernandu Santuş sənə dəvət göndərər? Yəqin ki, millinin oyununa baxdın. Özünü millidə görürsən?

Təbii ki, hər futbolçu kimi mən də, milli komandada oynamağı, milli formayı geyinməyi çox arzulayıram. Bunu çox istəyərdim. Ancaq bu baş məşqçinin qərarıdır. Ona da hörmətlə yanaşıram. Düşünürəm ki, burada yaxşı oynadığım müddətdə, yaxşı performans göstərərsəm, millidən mənə də dəvət gələcək. Bunun üçün əlimdən gələn hər şeyi edəcəm. İnanıram ki, gələcək toplanışlarda mənə də millidən dəvət gələcək.

Mirbağırağa
 

Xəbər xətti