"Albaniya çempionatı Amil üçün uyğundur, öz keyfiyyətini burada göstərəcək"

12:18 - 26 Sentyabr 2024

"Amilin Albaniya çempionatına keçməsinə çox sevindim. "Biliş"lə oyunumuzda onu tribunada gördüm. Oyuna baxırdı. Açığı, elə də imkanım olmadı ki, görüşək, tam ətraflı danışaq. Sadəcə salamlaşdıq. Ancaq uyğun vaxt edib, Amillə görüşəcəyik, ətraflı danışacağıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Albaniyanın "Eqnatiya" klubunun üzvü Zamiq Əliyev deyib. 

O, ötən həftə Albaniya yüksək liqasında yarışan "Biliş"ə keçən Amil Yunanov haqda danışıb. Zamiq millimizin sabiq forvardının özünü göstərəcəyinə inandığını bildirib:

"Düşünürəm ki, Amil üçün uyğun liqadır. Burada olduğum müddətdə komandaların oyununu görmüşəm və Amili də uzun illərdir ki, tanıyıram. Təcrübəli və keyfiyyətli hücumçudur. Məncə, Amil Albaniyada faydalı olacaq. Ona uyğun çempionatdır. Ümidvaram ki, uyğunlaşma prosesini tez keçib, öz keyfiyyətini burada göstərəcək. Ona nəsə məsləhət verməyim düzgün olmazdı. Çünki özü kifayət qədər təcrübəli oyunçudur. Öz adından da söz etdirmiş futbolçudur. Hər şeyi necə etmək lazım olduğunu da hamıdan yaxşı bilir. Ümidvaram ki, burada uğurlu çıxış edəcək. Amillə mənim burada uğurlu çıxışımız azərbaycanlı futbolçuların Albaniyaya gələn yolunu açacaq, futbol adamlarının Azərbaycan futboluna diqqət yetirməsinə gətirib çıxaracaq. Necə ki, bizdən qabaq Vüsal İsgəndərli burada çıxış etmişdi və yaxşı iz qoymuşdu. Ümidvaram ki, Amillə mən Albaniyada uğurlu çıxış edərik və gələcəkdə Azərbaycan çempionatından bura daha çox futbolçu transfer olunmasında bizim də rolumuz az da olsa, özünü göstərər".

Mirbağırağa

Xəbər xətti