"Məncə, Qriqorçuk kapitanlığı Emindən alıb başqasına verməklə özünü kiməsə göstərmək fikrində deyil"

16:34 - 25 Sentyabr 2024

"Qara Qarayev yaxşı futbolçudur. Uzun illər "Qarabağ"ın və millimizin heyətində oynayıb. Elə-belə futbolçu olmayıb. Öz mövqeyində Azərbaycadan ən yaxşılardan biri idi. "Qarabağ"da stabil oynayırdı. "Neftçi"yə keçəndən sonra əsas heyətə düşə bilmirdi. Düzü, Qara Qarayevin əsas heyətə düşə bilməyəcəyini gözləmirdim. Uzun illər "Qarabağ"da və millidə yüksək səviyyədə oyununu görmüşük. Hər bir futbolçunun başına gələ bilər. Başqa kluba keçəndə, oyunu alınmır, atmosferi tuta bilmirsən. Ola bilsin ki, Qara öz yerini "Neftçi"də tapa bilmirdi. "Qarabağ"da futbolçu amili, atmosfer "Neftçi"də yoxdur. Fərqli atmosferlərdir. Futbolçu orada yaxşıdır, burada pisdir anlayışı ola bilməz. Sadəcə bir futbolçunun bir komandada oyunu alınır, digərində alınmırsa, atmosferdən və oyun üslubundan asılıdır".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq qapıçısı Hüseyn Məhəmmədov deyib.

O, Qara Qarayevin "ağ-qaralar"dan ayrılması ilə bağlı danışıb. Bununla yanaşı, kapitanlıq sarğısının Emin Mahmudovdan alınaraq Ramil Şeydayevə verilməsi haqda fikir bildirib:

"Emin Mahmudov kapitanlığı Ramil Şeydayevə veriblərsə, demək ki, baş məşqçinin gördüyü şeylər var. Kapitan meydanda özünü kapitan kimi göstərməlidir, komandanı arxasınca aparmalıdır, vuruşqan, əzmkar olmalıdır, məğlubiyyəti qəbul etməməlidir. Bu xarakterdə olmalıdır. Emin Mahmudov bir az yumşaq insandır. Meydanda aqressivliyi, danışdığı, çılğınlığı görünmür. Məğliubiyyəti qəbul etməyən tipi deyirəm. Belə şeylərdən uzaqdır. Kapitan rolunu oynamaq üçün o xasiyyətdə deyil. Kapitansansa, komandanı öz arxanca aparmalısan. Hamı səndən nümunə götürməlidir. Emin Mahmudov yumşaq xarakterli futbolçudur. Kapitanlar daha istəkli, əzmkar olur. Kollektivə də ayaqda saxlamağı bacarmalıdır. Ramil Şeydayevdə bu yöndə nələrsə varsa, zamana ehtiyac görünür. Ona da baxacağıq. 

Məncə, Qriqorçuk kapitanlığı Emindən alıb başqasına vermklə, özünü kiməsə göstərmək fikrində deyil. Kapitan komandanı arxasınca aparmalıdır, mübariz, əzmkarlığı ilə seçilməlidir. Emin yaxşı futbolçudur. Sadəcə o xasiyyətdə deyil. Qriqorçuk da xoşlayır ki, futbolçu meydanda qışqırsın, vuruşsun, bağırsın. Yəqin ki, bu cür futbolçunun kapitan olmasını istəyir. Başqa niyyətini  olduğunu düşünmürəm".

Mirbağırağa
 

Xəbər xətti