"Tottenhem"lə görüşdə "Qarabağ"ın hücumçuları çox passiv idilər" - MÜSAHİBƏ

15:23 - 28 Sentyabr 2024

"Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"ın "Tottenhem"ə qarşı oyununu necə qiymətləndirərdin? Səncə, "Qarabağ" xal qazanmağa yaxın idi?

- "Qarabağ" oyuna çox yaxşı başladı. Matçdan əvvəl də düşünürdüm ki, şanslar olacaq, amma onlardan istifadə edə bilsələr, Bakıya ən azından bir xalla dönəcəklər. "Qarabağ" qələbəyə layiq idi. "Tottenhem"lə müqayisədə qol epizodlarımız daha çox oldu. Təcrübəsizlik, həyəcan, soyuqqanlı ola bilməmək gətirib bu vəziyyətə çıxardı. "Dinamo"(Zaqreb) ilə oyuna bənzədi.

- "Qarabağ"ın bu görüşdə 10 nəfərlə qalan rəqibindən 3 qol buraxmasını necə şərh edərdin? Hər halda, rəqib ilk dəqiqələrdən 10 nəfərlə qalsa da, "Qarabağ" rəqibi ilə bacarmadı və yenə də uduzdu. Halbuki hər şey "Qarabağ"ın nəticə qazanması üçün uyğun idi?

 - Həmin vaxtı zarafata dedim ki, "Tottenhem"ian azlıqda qaldığını hiss etməyimiz üçün, onlara bir qırmızı da göstərsinlər. İngiltərə komandaları elədir ki, bir nəfər meydandan qovulsa da, çox da fərq etmir, hiss olunmur. Bunu da bir daha gördük. Düzdür, müdafiədə boşluqları oldu. Amma ümumilikdə eyni cür oynadı.

- Penalti zərbəsini səncə nəyə görə Benzia, Juninyo kimi təcrübəlilər yox, Toral Bayramov yerinə yetirdi? Ümumiyyətlə, Toralın qeyri-dəqiq zərbəsi matçın hesabına birbaşa təsir etdi demək olar?

- Penaltiləri adətən Toral vurur. Sadəcə orada həyəcan məsələsi oldu. Soyuqqanlı olmaq lazım idi. Hamının başına gələ bilər. Ancaq qol olsaydı, çox şey dəyişərdi. Xeyirlisi.

- Azərbaycanlı futbolçuların penalti zərbəsini yerinə yetirə bilməməsi nə ilə əlaqələndirirsən? Son bir ayda Ramil Şeyadayev İsveçlə, Nəriman Axundzadə U-21 yığmasında Serbiya ilə matçda fərqlənə bilməmişdi. Azərbaycanlı futbolçular niyə penalti vura bilmir?

- Niyə elə deyirsiz, penaltini vura bilənlərimiz də var. Hansı futbolçu soyuqqanlıdır penaltini vurur. Kimsə həyəcanlıdırsa, vura bilmir. Penaltinin qaydası budur, gəldin topun arxasına keçdin, fikirləşdiyin yerə vurdun vəssalam. Penalti öncəsi istiqamətlə bağlı fikrini dəyişdinsə, vura bilməyəcəksən. Toral "Qarabağ"da yetərincə penalti vurub, "Tottenhem"lə görüşdə edə bilmədi. Futbolçu karyeramda 14-15 penalti vurmuşam, heç birini qaçırmamışam, hamısı qol olub. Özümü misal çəkirəm ki, heç vaxt topun arxasına keçəndə həyəcanlanmırdım. Düşünmürdüm ki, hara vuracam, nə edəcəm? Öz-özümə deyirdim ki, vuracam, qol olacaq. "Tottenhem"i, rəqib qapıçını, azarkeşi fikirləşdinsə, vura bilməyəcəm. Penaltini vuran soyuqqanlı olmalıdır. 

- "Qarabağ"ın "Dinamo" ilə oyun da daxil olmaqla, sanki son iki Avrokubok görüşündə effektsiz olması, son nöqtəni qoya bilməməsinin əsas səbəbi səncə nədir?

Eyni ssenari idi.  "Tottenhem" və "Dinamo"ya" qarşı yetəri qədər epizod yaradırsan. istifadə edə bilmirsən. Bu futbolçuların soyuqqanlı olmaması ilə bağlıdır. Hücumçularımız çox passiv oldular. Abdullah Zubir, Yassin Benzia, Juninyo həyəcanı boğa bilmədilər. Biz onları sürətli hücumlarda görmüşük. "Tottenhem" arxayın oynayırdı. "Qarabağ" da sanki onlara qoşulmuşdu. "Qarabağ"ın əks-hücumlara çıxaraq, sürətli hücumlar edəcəyini gözləyirdim. Bu da başadüşüləndir. 2,5 saat tıxacda qalmışdılar. Bu zarafat bir şey deyil. Təsəvvür edin ki, həyəcanla, motivasiya ilə oyuna gedirsən və qalırsan tıxacda. Artıq başlayırsan fikirləşməyə ki, necə olacaq, hansı vəziyyətdə çıxacağıq oyuna. Stadiona çatırsan və deyilər ki, 40 dəqiqə sonra oyun başlayır. Qurban Qurbanov orada sadəlik göstərərək, bildirdi ki, bunu bəhanə etmirəm. Amma başqa məşqçi olsaydı, böyük bəhanədir. Onu daha çox deyərdi. Çünki 2,5 saat tıxacada qalasan və stadiona çatanda deyirlər ki, 40 dəqiqəyə oyun başlayır. Özü də, böyük, stressli oyuna. Çətindir. "Qarabağ" bütün bunlara baxmayaraq, yaxşı oynadı. Sadəcə soyuqqanlı olmamaqları, həyəcanlı olmaqları nəticəni gətirib bura qədər çıxardı. "Qarabağ"ın "Malmö" ilə görüşdə nəticə qazanacağını gözləyirəm. "Tottenhem"lə oyun geridə qaldı. Özümüzə uyğun rəqib gəlib. Bu matçda qalib gəlməl lazımdır.  

- "Malmö" ilk turda "Reyncers"ə uduzdu. Səncə ,"Qarabağ" İsveç klubunu məğlub edə biləcək?

Çətin oyun olacaq. Amma "Qarabağ"ın dişinə uyğun və rahat rəqibdir. Rahatı o mənada deyirəm ki, yəni "Qarabağ"ın udacağı komandadır. İnanıram ki, yaxşı oyun göstərib, yaxşı qələbə qazana bilərik.

Mirbağırağa

Xəbər xətti