"Neftçi"nin 9-cu pillədə qərarlaşması mənim üçün gözlənilməzdir"

18:23 - 28 Sentyabr 2024

"Neftçi"nin geridə qalan 7 turda qələbə qazana bilməməsi yaxşı göstərici deyil. Amma uğursuzluğun səbəbi nədir, bilmirəm. Hər halda, nəsə düzgün getməyib ki, vəziyyət bu cür alınıb. Hər zaman uğurlu iş görmək üçün zaman lazımdır. Amma 7 tur da az deyil".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Aleksandr Çertoqanov deyib.

O, "ağ-qaralar"ın hazırkı durumundan danışarkən Roman Qriqorçuk barədə də danışıb:

"Roman Qriqorçuku baş məşqçi postundan göndərib-göndərməmək haqda heç nə deyə bilmərəm. Əgər komandada hər şey yaxşı alınırsa, sadəcə bəxtsizlik yaşanırsa, daha bir müddət gözləmək olar. Dəqiq onu deyə bilərəm ki, "Neftçi"nin hazırda 9-cu pillədə qərarlaşması mənim üçün gözlənilməzdir".

Milli komandamızın veteran futbolçusu 2005-2009-cu illərdə "Neftçi"də çıxış edib.

Xəbər xətti