"Turan Tovuz"la matçda baş hakim xal qazanmamağımız üçün hər şeyi etdi" - MÜSAHİBƏ

13:49 - 28 Oktyabr 2024

"Kəpəz"in kapitanı Yeqor Xvalko Sportal.az saytına müsahibə verib.

- "Kəpəz" son matçda "Turan Tovuz"a məğlub oldu. Son dəqiqədə qol buraxaraq uduzdunuz. Niyə hesabı saxlaya bilmədiniz?

Yaxşı oyun oynadığımızı düşünürəm. Bu, çox sevindiricidir. Demək ki, nəticə də gələcək. "Turan Tovuz"la oyunda baş hakim xal qazanmamağımız üçün hər şeyi etdi.

- Halbuki "Turan Tovuz" tərəfi də bu oyunda bəxtlərinin gətirdiyini bildirdi. Səncə, ədalətli hesab 2:1 deyildi? 

- Məncə, bu oyunda bir xal qazanmalıydıq. Buna da yaxın idik. Təəssüf ki, alınmadı.

- Baş məşqçiniz Azər Bağırov hakimlikdən narazılıq edirdi. Səncə, hakimlər "Kəpəz"ə qarşı qərəzlidir və məğlubiyyətlərinizdə hakimlərin günahı nə qədərdir?

- Mən onunla razıyam. Baxın, heç kim demir ki, hər oyunda hakimlər bizimlə belə rəftar edirlər və heç kim onları doğrudan da qınamır. Qalib gəlmədiyimizə görə özümüzü qınamalıyıq. Amma "Turan Tovuz"la oyunda baş verənlər, hakimin hansı xaosu yaratdığını hamı gördü. 

- "Kəpəz" hazırda turnir cədvəlində sonuncu pillədədir. Komandada, futbolçularda psixoloji durum yəqin ki, yaxşı deyil? Bu durumdan necə çıxacaqsınız?

- Komandada psixoloji durumla bağlı heç bir problem yoxdur. Təbii ki, məğlubiyyətlər ağırdır. Amma dediyim kimi, oyunumuz yaxşılaşır. Gələcəyə pozitiv baxırıq. Hər şey daha yaxşı olacaq, xallar qazanacağıq.

- Artıq "Neftçi" də yavaş-yavaş özünə gəlməyə başlayır. Səncə, "Kəpəz" hansı komandanı qabaqlayaraq sonuncu pillədən qurtulacaq? Sonuncu pillədə qalmaqdan qorxmursuzki?

- Hansı komandanın sonuncu yerdə olacağını bilmirəm. Turnir cədvəli üzrə mütəxəssis olmaq lazım deyil. Hər şey görünür. Növbəti oyun çox vacibdir, motivasiyalı olmaq lazımdır. Düşünürəm ki, heç bir idmançı sonuncu olmaq istəməz. Ona görə də vəziyyəti düzəltmək üçün meydanda mübarizə aparacağıq

- Növbəti turdakı rəqibiniz isə "Səbail"dir. Bu matç və rəqib haqda hansı fikirdəsən? Səncə, bu rəqibi məğlub edə biləcəksiz? Final ab-havasında oyun olacaq? Çünki qalib gəlsəniz, "Səbail"ə yaxınlaşacaqsınız..

- Əslində, bu matçı hələ ki, düşünmürük. Çünki qarşıda kubok matçımız var. Həmin görüşdən sonra "Səbail"lə oyun barədə fikirləşəcəyik. Qələbə qazanmağa çalışacağıq və bunu etmək istəyirik. Bunu gizlətməyəcəyəm və hamı bunun necə bir matç olacağını başa düşür

- Ölkə kubokunda "Ağdaş"la görüşəcəksiniz. İkinci Liqa təmsilçisi ilə oyunda qalib gələcəyinizə inanırsan?

- Bəli, oyuna hazırlaşırıq. Rəqibimiz aşağı liqa təmsilçisi olsa da, biz maksimum dərəcədə ciddi hazırlaşırıq və oyuna fokuslanırıq. Çalışırıq ki, qalib gələk və növbəti mərhələyə adlayaq.

Mirbağırağa
 

Xəbər xətti