Uğur
“Sabah” 7 oyunluq qələbəsizlik seriyasından sonra Krunoslav Renduliçlə yollarını ayırdı. Qısa müddət sonra isə yeni baş məşqçisinin – rusiyalı mütəxəssis Vasili Berezutskinin təyinatını açıqladı.
Rusiya millisinin kapitanı olmuş sabiq müdafiəçinin “Sabah”a təyinatı futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Berezutskinin daha öncə heç bir klubda baş məşqçi kimi çalışmaması onun “Sabah” kimi iddialı klubda hansı nəticəni göstərəcəyi ilə bağlı suallar yaratdı. Bəs doğrudanmı Berezutskinin təyinatı doğru deyil? Təyinatın müsbət və mənfi tərəflərinə nəzər salaq:
Mənfi tərəfləri:
Yuxarıda da qeyd etdiyimiz kimi, “Sabah” Berezutskinin baş məşqçi kimi ilk təcrübəsi olacaq. Bu da onun məşqçilər korpusunun bir üzvü kimi özünü necə göstərəcəyi suallarını yaradır. Baş məşqçinin funksiyalarının köməkçi məşqçilərdən çox fərqləndiyini xatırlatmağa yəqin ki, ehtiyac yoxdur. Sırf bu baxımdan yanaşsaq, təyinatın riskli olduğunu deyə bilərik.
Təyinat növbəti oyundan cəmi 4 gün öncə gerçəkləşdirildi. Bu da Berezutskiyə komandanı daha yaxından tanımaq üçün çox az imkan verir. Nəzərə alaq ki, növbəti həftənin çərşənbə axşamı komandanı ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Turan Tovuz”la taleyüklü matç gözləyir. Bir oyundan ibarət olacaq bu kubok qarşılaşmasında büdrəmə “Sabah”ın kubok hədəflərinin üzərindən xətt çəkəcək.
Müsbət tərəfləri:
Vasili Berezutskinin rusiyalı olması Azərbaycandakı fəlaiyyətində müəyyən üstünlük qazandıracaq. Belə ki, avropalı və ya başqa qeyri post-sovet məkanından olan məşqçilər ölkəmizə gəldikdən sonra uyğunlaşma üçün müəyyən vaxt keçirməli olsa da, Vladimiroviçdə belə bir problem olmayacaq. Bu barədə “Sabah”ın əvvəlki rusiyalı baş məşqçisi Murad Musayev də müsahibələrində dəfələrlə danışmışdı. O, Azərbaycanda özünü yad ölkədə hiss etmədiyini tez-tez önə çıxarırdı. Bundan əlavə, ölkəmizdə çalışmış əcnəbi çalışdırıcılar arasında post-sovet məkanı ölkələrinin nümayəndələrinin uğur payının daha çox olmasında bu amilin xüsusi rol oynadığını deyə bilərik.
Rusiyalı mütəxəssisin baş məşqçi kimi təcrübəsi olmasa da, məşqçi kimi geniş təcrübəyə malikdir. O, 2018-ci ildən məşqçi kimi çalışır. Onun məşqçi kimi CV-sində doğma ölkəsi Rusiya (“Krasnodar” və ÇSKA) ilə yanaşı, Niderland (“Vitess”) və Çinin (“Şanxay Şenxua”) də “möhür”ü var. Deməli, Vasili çoxunun iddiasının əksinə olaraq, “dəlləkliy”i heç də “Sabah”ın başında öyrənməyəcək.
Yuxarıda Berezutskinin məşqçi təcrübəsi ilə yanaşı, mütəxəssis kimi beynəlxalq təcrübəsinin olduğunu da qeyd etdik ki, ölkəsindən kənarda çalışmaq kimi “vərdişlər” ona Azərbaycanda da kömək ola bilər.
Nə qədər qəribə səslənsə də, Berezutskinin baş məşqçi kimi təcrübəsinin olmaması iş planında onun köməyinə də gələ bilər. Necə? Özünü sübut etmə istəyi ilə. Vasili daxilindəki “özünü doğrultma”, baş məşqçi kimi bacarıqlarına şübhə ilə yanaşanlara özünü isbat etmə “məşəl”ini yandıra bilsə, bu ancaq “Sabah”ın xeyrinə olar ki, ziyanına işləməz.
Vladimiroviç futbolçu karyerasında müdafiəçi olub. Bu da hazırda müdafiə planında ciddi problemləri olan “Sabah”ın yarasına məlhəm ola biləcək bir faktdır (komanda 14 turdan sonra Premyer Liqada ən çox qol buraxmış 4 komandadan biridir).
Berezutskii məşqçi karyerası ərzində Viktor Qonçarenko, Leonid Slutski kimi təcrübəli mütəxəssislərlə çalışıb. Xüsusən, Berezutski zəngin məşqçi karyerasına malik Slutskidən nələrsə öyrənibsə, bu həm onun özünün, həm də “Sabah”ın xeyrinə olacaq.
Belə… Berezutskinin “Sabah”a təyinatının müsbət və mənfi tərəflərini soyuq başla təhlil etdik. İlk baxışdan rusiyalı mütəxəssisin təyinatında mənfidən çox müsbət məqamlar “gözə girir”. Amma bütün suallara Berezutskinin komandasının meydanda sərgilədiyi oyun və tabloda əks olunan hesablar cavab verəcək. Gözləyək, baxaq.
saytlarin hazirlanmasi