Ayxan Abbasov: "Qarabağ" bizdən də çətin durumdadır"

16:46 - 21 Aprel 2021

"Çox çətin qrafikə giririk. Mayın sonlarınadək 4-5 gündən bir matçlara çıxacağıq. Milli komandanın oyunlarına görə maydakı təqvim də qısaldılıb. Çünki yığma yoldaşlıq görüşləri də keçirəcək".

 

Sportal.az xəbər verir ki, bfikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində deyib.

 

40 yaşlı mütəxəssis çempionatın sonunda belə qrafiklə oynamağın futbolçular üçün ağır olduğunu bildirib: "Bədən istər-istəməz yorulur və onun bərpasına vaxt lazımdır. Amma ölkəmizdəki bütün komandalar peşəkardır. Oynamalıyıq və bunun bəhanəsi yoxdur. Biz də komandada nələrisə dəyişəcəyik".

 

Abbasov "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final oyunları barədə də fikirlərini bölüşüb: "Qarşıda "Qarabağ"a qarşı kubok oyunlarımız var və onlara qarşı mübarizə aparmalıyıq. Rəqibimiz "Qarabağ" bizdən də çətin durumdadır. Çünki onlar həm də çempionluq yarışındadır. Premyer Liqada hansısa xal itkisi onlara baha başa gələ bilər. Biz də üçüncü yer üçün mübarizə aparırıq və çalışırıq ki, avrokubok zonasında qala bilək. Məncə, bütün klublar hər "cəbhə"də mübarizə aparmağa məcburdur. Biz də mübarizə aparacağıq".

 

Bu gün "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq. Komandalar arasındakı cavab görüşü aprelin 29-da gerçəkləşəcək.

Xəbər xətti