Riad Rəfiyev: “Kimsə deyə bilməz ki, “Sumqayıt” buna layiq deyildi”

22:22 - 25 May 2021

"Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev Azərbaycan kubokunun "Keşlə” ilə final oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Kubokun finalında məğlub olduz…
- Əlbəttə, üzücü məqamdır. Udmaq istəyirdik. Yaxşı mövsüm keçirdik. Çempionatı 3-cü pillədə bitirdik. Kubokda finala çıxdıq. Çətin yol keçdik. Yarımfinalda "Qarabağ”ı adladıq. Bu qədər çətinlikdən sonra istəyirdik ki, kuboku başımız üzərinə qaldıraq. Qismət, alınmadı. İnşallah, gələn il alınar.
 
- İli "Sumqayıt” üçün uğurlu hesab edirsiz?
- Bizim üçün birmənalı şəkildə uğurlu il oldu. Komanda mövsümü 3-cü pillədə bitirdi. Avrokuboklara vəsiqə qazandı. Ölkə kubokunda final oynadı. Kuboku qaldırmağa da yaxın idik. "Qarabağ” kimi rəqibi yarımfinalda keçdik. Milli komandaya xeyli sayda futbolçu verdik. Təkcə A milli deyil, bütün komandaları deyirəm. Əlbəttə, yaxşı mövsüm alındı. Düşünürəm ki, oyunumuzla bunu mövsümboyu haqq etmişdik. Kimsə deyə bilməz ki, "Sumqayıt” buna layiq deyildi.
 
- Az qüvvə ilə uğurlu çıxış etməyin səbəbi nədi?
- Bir, iki yox, çox səbəblər var. Ən aşağıdan gördüyümüz işlərdi. Onları sadalasaq, gərək yarım saat oturub müsahibə verək. Amma yenə deyirəm ki, yəqin düzgün iş qurmuşuq. Qurmuşuq ki, bu komanda ilə, yerli uşaqlarla gəlib bu yerlərə çatmışıq.
 
- Ötən mövsüm də avrokuboklara vəsiqə qazandız. Lakin maliyyə çətinlikləri yaşadınız və özünüzü göstərə bilmədiz. Bu mövsümdə də eyni hal yaşanacaq? Avrokuboklar öncəsi maliyyə problemi olmayacaq ki?
- Yox, inşallah belə şey gözlənilmir. Sağ olsun partnyorlarımız, dostlarımız, sponsorlarımız. Komandaya tam olaraq dəstək verirlər. Onlara da minnətdarlığımı çatdırmaq istəyirəm.
 
- Heyəti qoruyub saxlaya biləcəksizmi?
- Çox dəyişikliklərin olmasının səbəbi apardığımız düzgün seleksiyadı. Biz düzgün seleksiya aparırıq ki, futbolçularımıza kifayət qədər böyük tələbat var. Çalışacağıq ki, yolumuza bu oyunçularla davam edək.
 
- Avrokuboklarda iddianız nədir?
- Ötən mövsüm avrokuboklara gec toparlandıq. Komandanı gec yığdıq. Səbəblər var idi. Bu il hər şey qaydasındadı. Çalışacağıq ki, avrokuboklarda mümkün qədər uzağa gedək (komanda.az).

Xəbər xətti