“Sabah bizi “Çukariçki” ilə olduqca vacib oyun gözləyir. Belqrada yüksək əhval-ruhiyyə ilə gəlmişik. “Çukariçki” ilə oyun avrokuboklarda bizim ikinci sınağımız olacaq".
Sportal.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Serbiyada "Çukariçki" ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, "gənclik şəhəri" təmsilçisi tarixində Avropa səviyyəli turnirdə ilk səfər oyununu keçirəcək. "Rəqibimizə gəlincə, onlar da bizim kimi öz çempionatlarını arxada qalan mövsümdə 3-cü pillədə başa vurub. Ötən müddət ərzində onları az-çox tanımışıq. Təlim-məşq toplanışı dövründə keçirdikləri yoxlama oyunlarını və Serbiya çempionatının ilk turunda “Vojdovats” ilə qarşılaşmanı izləmək imkanımız olub. Çempionatda ilk turda üstün performans göstərərək, əzmkar qələbə qazanıblar".
Abbasov rəqib futbolçuların bir-birlərini yaxşı başa düşdüyünü söyləyib: "Bu da 2-3 il birlikdə oynamalarından irəli gəlir. “Çukariçki”nin heyətində fərdi oyunu ilə seçilən futbolçular da var ki, onlara qarşı hazırlıqlı gəlmişik. Ötən il ilk avrokubok oyunumuzu evdə keçirsək də, məlum səbəblərə görə həmin matç azarkeşsiz keçirilmişdi. Şükürlər olsun ki, azarkeşlərimizin stadionlara gəlməsinə icazə verildi. Ümid edirəm ki, bir həftə sonra cavab oyununa azarkeşlərimizin qarşısına yaxşı nəticə ilə çıxacağıq”.
İyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
saytlarin hazirlanmasi