"Azarkeşlərimizə möhtəşəm dəstəyə görə minnətdaram. Oyuna belə başlamaq istəməzdim. Çox asan qollar vurduqdan sonra özlərini rahat hiss etdilər. İkinci hissədə futbolçularımdan razı qaldım. Bir qol vura bilsəydik, çevriliş edərdik. Amma nöqtəni qoya bilmədik".
Sportal.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə Serbiyanın "Çukariçki" komandasına 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, komandası inkişaf etməkdədir: "Belə oyunlar futbolçularımız üçün böyük təcrübədir. Bəlkə də mərhələ keçmək olardı. Sadəcə, erkən qollar buraxdığımız üçün belə alındı. Lakin ruhdan düşməməliyik. Azərbaycan çempionatında olduğu kimi, Avropada da ilkə imza atmaq istəyirdik. Amma alınmadı. Önümüzə baxacaq, bəzi mövqelərdəki boşluqları doldurmağa çalışacağıq".
Abbasov mübarizəni dayandırmalarına transferlər edə bilməmələrinin səbəb olmadığını söyləyib: "Bizim öz yolumuz var. Futbolçularımızın inkişafını istəyiriksə, səbrli olmalıyıq. Kənardan oyunçu gətirməklə nəticə vermək çətin deyil. Amma bizim öz yolumuz var. Düzdür, nəticə önəmlidir, hər kəs nəticə istəyir. Olub ki, 5 oyun uduzmuşuq, amma sonradan onlara "Neftçi"dən və digər komandalardan təkliflər gəlib. Bu turnir bizə çempionatda daha yaxşı oynamağa kömək olacaq".
Baş məşqçi əks-hücumda yaxalandıqları üçün qollar buraxdıqlarını söyləyib. Onun sözlərinə görə, oyunun əvvəlləri "Sumqayıt" üçün gözlənilməz olub: "Bu gün başqa sistem və taktika seçə bilərdik. Amma istədim ki, futbolçularımız sərbəst futbol oynasın. Ümumi götürsək, istədiklərimizi edə bildik, amma bunlar nəticə üçün azdır". (Report)
saytlarin hazirlanmasi