Ayxan Abbasov: “Bəlkə də, getmək vaxtıdır”

18:49 - 21 Noyabr 2021

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Qəbələ”ni təbrik edirəm. Mövsümə çox yaxşı başlayıblar. Evdə üstün oynayacaqlarını bilirdik. Buna hazır idik. Amma təəssüf ki, ikinci hissədə konsentrasiyanı itirdik və qapımızda qollar gördük. Bundan sonra hücuma atılıb qollar vurmaq istədik. Buraxılan qollardan birinin əvəzini çıxsaq da, bərabərlik əldə edə bilmədik.

 

Heyətdə itkilərimiz var idi. Bu oyundan sonra daha da çoxaldı. Ehtiyat qüvvənin az olması, rotasiyalar edə bilməməyimiz bizə çətinlik yaradır. Qarşıda qış fasiləsinədək üç oyun var. Futbolçulara da dedim ki, təslim olmaq olmaz. Oynamaq lazımdır. Əvvəl də dediyim kimi, bura qalxmaq asandır. Amma qalmaq çətindir. Bəzi oyunçularımız mövsümün əvvəlində formada olmadılar. Zədələrə görə heyəti tam kompletkləşdirə bilmədik. Bəlkə də, xeyirlisi budur. Amma bu gün əlimizdə olanlarla maksimum çıxış etməyə çalışırıq. Digər rəqiblər güclənib. “Qəbələ” iki mövsümlük uğursuzluğa baxmayaraq təslim olmadı. Çempionata rəng qatırlar. Bu da bir nümunədir. Məğlubiyyətin üzücüdür. Amma hər zaman komandamın arxasındayam. Bəlkə də, nələrisə dəyişməliyik. Yaxud da vaxt gəlib çatıb, getmək lazımdır”.

Xəbər xətti