Ayxan Abbasov: "Bu gün hər kəs məsuliyyət daşıyır"

21:29 - 15 Dekabr 2021

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 14-cü turunun oyununda doğma meydanda "Keşlə"yə 1:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb:

 

- Bəlkə də məşqçilik dövrümdə ən çətin mətbuat konfransına gəlmişəm. Nə isə deməyə sözüm azdır. Rəqibin əks-hücumlarda oynayacağını bilirdik. Həftəiçi buna hazırlaşmışdıq. Oyuna baxsaq, çoxlu qol epizodları yaradırıq. Amma təəssüf ki, bunları dəyərləndirə bilmirik. Qışa qədər analiz etsək, komanda olaraq çox çətin durumdayıq. Burada günahkar axtarmağa ehtiyac yoxdur. Hər kəs günahkardır. İlk növbəti baş məşqçi olaraq mən günahkaram.İlk dəfədir bu söz ağzımdan çıxır, amma məcburən bunu deməliyəm. Bel bağladığımız, güvəndiyimiz futbolçular təəssüf ki, istədiyimiz formada olmadılar. Komanda olaraq çox çətin situasiyalara düşmüşdük. Qış fasiləsinə gedirik. Bu durumdan yaxanı kənara çəkmək qorxaqlıq olar. Düzgün analiz edib, səhvlərdən nəticə çıxarıb, bu durumdan çıxmaq lazımdır. Bu gün hər kəs məsuliyyət daşıyır. Fasilədə rəhbərliklə də görüşəcəyik. 


- "Sumqayıt"ın potensialı bundan artığına çatmır. Sanki futbolçular artıq doyub. Sizə elə gəlmir ki, bəzi oyunçularla yolları ayırmaq lazımdır?

- Futbolçu doymamalıdır. Əgər oyunçu 3-cü yerlə doyursa, gələcəkdə böyük komandalarda çətinlik çəkəcək. Mənə elə gəlir ki, yayda klub olaraq düzgün qərar verdik. Bu gün bəzi futbolçuların fikri başqa yerdə ola bilər. 3-cü yeri tutan bu futbolçular idi. Dünyada da görürük ki, bəzi klublar çempion olduqdan sonra çətinlik yaşayırlar. Belə hallar qaçılmazdır. Razıyam ki, "Keşlə"nin futbolçularının istəyi bizdən çox idi. Həftəiçi yaxşı hazırlaşmışdıq. Bəlkə də epizodların qolla nəticələnməməsi futbolçulara psixoloji olaraq təsir edir. Hamısı səbəb ola bilər.

 

- Qış fasiləsi üçün planlarınız nədir?

- Təlim-məşq toplanışı önəmlidir. Çempionata yaxşı hazırlaşmaq üçün yoxlama oyunlarındakı rəqiblər əsasdır. Çempionatda 8 komanda var. Qış fasiləsində yenidən bu komandalarla oynamaq çətinlik yaradır. Bir az ab-hava dəyişsə, yaxşı olar. Qış planları ilə bağlı indi heç nə deyə bilmərəm. Rəhbərliklə danışmışdıq ki, çempionat bitəndən sonra bununla bağlı müzakirə aparacağıq. Ölkədə və xaricdə olmağından asılı olmayaraq səmərəli istifadə etməyə çalışacağıq. Mən həmişə demişəm ki, yoxlama oyunlarında digər ölkələrin komandaları ilə qarşılaşmaq üstünlükdür.  Ukrayna, Rusiya klubları ilə oynamaq komanda üçün stimuldur. 


- "Sumqayıt"da ciddi islahatlar gözlənilir?

- Bəzi fikirlərim var, rəhbərliklə danışacağam. Bizim elə böyük seçimimiz yoxdur. "Keşlə" elədir ki, gedən legionerin yerinə yenisini alır. Biz də yeni adlar, ac futbolçular dəvət etmək istəyirik. Amma bilirsiz ki, bizim digər klublar kimi imkanımız yoxdur.

 

- Vəsait olmayandan sonra rəhbərliklə danışmağın nə faydası var?

- Bu gün 8 komandanın hamısı çempionluğa oynaya bilməz. Hamının eyni büdcəsi ola bilməz. Qonşu ölkələrə baxsaq, orada da hər komandanın büdcəsi eyni deyil. Çempionatda oynamalıyıq, mübarizə aparmalıyıq. 2 ildə göstərdik ki, hər şey büdcə, pul deyil. Yaxşı oyunçular tapa bilərik. Bu, o demək deyil ki, yüksək ödənişli futbolçular olmalıdır. Elə futbolçular var ki, digər klublarda heyətə düşə bilmir, az oynayır. Düzü, bəzi komandalar da öz oyunçularını buraxmaq istəmir. Amma yenə də dayanmaq olmaz. Ümid edək ki, "Sumqayıt" da nə vaxtsa iddialılar sırasında olar. Bu günkü gün üçün mübarizə aparmaq lazımdır. Təslim olmaq zəiflik olar. 


- Adətən sizin kimi büdcəsi az olan komandalar akademiyadan futbolçu götürür. Amma bu gün baxırıq ki, akademiya da uğurlu deyil. 

- Hər kəs bilir ki, bura gələndən akademiyaya çox fikir vermişəm. Demək olar ki, hər təlim-məşq toplanışına, həftəlik məşq prosesinə 17-18-19 yaşlı futbolçular cəlb etmişik. İstəyimiz odur ki, milli komandalarda çox futbolçumuz olsun. Amma bu gün elə futbolçu yoxdur ki, biz ona güvənək. Əvəzedici heyət, U-19 komandası bizim nəzarətimizdədir. Onların içində 3-4 futbolçu var ki, bir neçə ilə bizə xeyir verə bilər. Bunun üçün illər lazımdır. Limit oyunçusunda digər klublardan geridə qalırıq. Bu gün "Keşlə"nin qolunu vuran limitə düşən futbolçu idi. Gənc futbolçular formanı əldə edəndə gərək qaytarmasınlar. O məsuliyyəti hiss etməlidirlər. Bu gün böyük narazılıq etmək səhv olar.

Xəbər xətti