"Sumqayıt" Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırıb:
- Kifayət qədər emosional oyun oldu. Hər iki tərəfin qol şansları var idi. Turnir cədvəlində yuxarı pillədə qərarlaşan komanda ilə matçda kifayət qədər qol epizodu yaratdıq. Epizodları dəyərləndirməklə bağlı problemimiz davam edir.
- Hazırda transfer pəncərəsi deyil. Belə başa düşmək olar ki, mövsümün sonuna kimi qol vurmaqla bağlı problem davam edəcək?
- Əlimizdə olan futbolçularla nələrsə etməyə çalışacağıq. Mövsümün sonunda nələrin olacağına baxacağıq.
- Görünür ki, komanda dördlü müdafiə sisteminə alışa bilmir. Əvvəlki sistemə qayıtmaq fikriniz var?
- Fərdlərdən danışmayaq. Komanda məğlub olubsa, hamının məsuliyyəti var. Sistemə gəldikdə isə, bu, mümkündür. Beşli müdafiə də, dördlü müdafiə də oynamaq olar. Amma bununla heç nə dəyişmir. Komanda məğlub olubsa, bu, zəncirvari problemlərin nəticəsidir. Həm dayaq yarımmüdafiəçilərinin, həm hücumçuların səhvi var. Hazırda dəbdədir, deyirlər ki, romb oynaya bilərik və ya dördlü, beşli müdafiə sistemi ilə oynaya bilərik. Bu, bəzi məqamlarda futbolçuların özlərində də qeyri-müəyyənlik yarada bilər. Sistemi dəyişmək olar, amma bu, çıxış yolu deyil.
- Oyun zamanı çox emosional görünürsüz, amma mətbuat konfransında sakitsiz. Bu emosiyanı komandaya aşılaya bilirsiz?
- Bəli, meydanda emosionalam. Hərdən paltardəyişmə otağında da emosiyanın həddi yüksək olur. Mətbuat konfransında isə sadəcə söhbət edirik. Özümü kiməsə bəyəndirmək fikrim yoxdur. Özümü başqa formada təqdim etmək istəmirəm.
- Üzərinizdə çox basqı var. Həm media, həm futbol ictimaiyyəti sizi tənqid edir. Kənardan belə görünür ki, indi çempionatı izləyirsiz və yeni mövsümə hazırlaşırsız...
- Belə şey yoxdur. Bu mövsümü də düşünürük. Növbəti mövsümlə bağlı hələ ki, fikirlər yoxdur. Paltardəyişmə otağında da dedim, kimsə bu mövsümü yola verib, növbəti mövsümü düşünürsə, bunu əvvəlcədən desin. Onlar bizimlə olmayacaq. Bu, futboldur. Futbolda üç oyunda qələbə qazanandan sonra şəhərdə hamı səni tanıyır, əllərdə gəzdirirlər, az qala Yurgen Klopp səviyyəsinə qaldırırlar. Amma məğlub olanda əlbəttə ki, tənqid də olur. Bunu normal qarşılayıram.
Elçin Əlixan
saytlarin hazirlanmasi