Aleksey Baqa: "Yorğunluqdan şikayət etməyimiz kişilikdən deyil"

20:47 - 2 Aprel 2022

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində doğma meydanda "Sabah"a 0:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Aleksey Baqa açıqlama verib:

 

- İlk olaraq rəqibi təbrik etmək istəyirəm. Həqiqətən də gözəl oyun göstərdilər və oyundan zövq aldılar. Mən öz futbolçularımdan da həmişə bunu tələb etmişəm. Futbolçuların karyerasında bu cür oyunlar çox olmur. Oyunumuzda kifayət qədər səhvlər oldu. Xüsusilə də hücum xəttində qeyri-dəqiqliklər var idi. Rəqibin hücumlarının keyfiyyəti isə olduqca yüksək idi. 

 

- Öz meydanında oynayan komanda qapıya bir dənə də olsun dəqiq zərbə vura bilmir. Belə olan halda hansı xaldan söhbət gedə bilər?

- Fiziki yorğunluq və ya hansısa ruh düşkünlüyündən şikayət etməyə haqqımız yoxdur. Çünki çempionatda iki həftəlik fasilə oldu. Azərbaycan Premyer Liqasında oynayan futbolçular 20-dən bir az çox oyun keçirirlər. Amma Avropaya baxsaq, görərik ki, futbolçular mövsüm ərzində 70-dən çox oyunda meydana çıxırlar. Ona görə yorğunluqdan şikayət etməyimiz kişilikdən də deyil. Əks-hücumlarda və ya rəqibin yorğunluğundan istifadə edib fürsətlər yaratmağımıza ustalıq səviyyəsi mane oldu. Bu gün qapımıza 3 gözəl qol vuruldu. Elə qollar idi ki, rus dilində belə bir məsəl var, bu qolları heç traktorla da çıxarmaq olmazdı. Qol vura bilməməyimizə heç bir bəhanə tapa bilmərik. Bunun üzərində işləməliyik.

 

- Heç düşünmürsüz ki, yanlış vaxtda, yanlış komandaya gəlmisiz?

- Belə düşünmək lazım deyil. Çünki, bu, bizim peşəmizdir. Bura gəldiyimə görə peşmançılıq çəkmirəm. Komanda ilə hazırda çətin günlər yaşayırıq. Bu, mənim üçün yeni bir təcrübədir və bu proses zamanı beynimdə yeni fikirlər yaranır. 

 

- Andrey Popoviç bu gün start heyətdə meydana çıxmağa nə dərəcədə hazır idi?

- O, artıq iki həftədir ki, bizimlə məşq edir. Baxmayaraq ki, oyun praktikası yoxdur, amma biz ona şans verdik. Popoviç artıq bizimlə müqavilə bağlayıb və komandamızın tamhüquqlu bir üzvünə çevrilib.Biz də ona şans vermək qərarına gəldik. Onun hazırlığı haqda indi çox danışa bilmərik. Çünki, Andrey Ukraynadan gəlib, onun ailəsi hazırda oradadır. Onun nə dərəcədə hazır olması bir qədər fəlsəfi sual ola bilər. Bu gün oyununa baxsaq, görərik ki, bəzi məqamlarda bizi xilas etdi, bəzi məqamlarda uğurlu olmadı. Bütün faktorları nəzərə alsaq, yüz faiz hazır olduğunu deyə bilmərik.

 

Elçin Əlixan

Xəbər xətti