"Sumqayıt"ın baş məşqçisi: "İlk oyuna qədər tam şəkildə çempionata hazır olacağıq"

15:07 - 18 Avqust 2022

I Divizionun startına sayılı günlər qalır.

 

Sportal.az xəbər verir ki, “Sumqayıt” ın əvəzedici komandası Vüqar Quliyevin rəhbərliyi altında 2022/2023 mövsümünə hazırlığını davam etdirir.

 

Püşkatmanın nəticəsinə əsasən, ilk turda istirahət edəcək komanda təlim-məşq toplanışını “Kapital Bank Arena”da davam etdirir. Bu müddət ərzində “Sumqayıt-2” 4 yoxlama matçında qüvvəsini sınayıb. Əvəzedicilər təlim-məşq topanışı ərzində “Qaradağ Lökbatan” (0:2), “Zirə-2” (2:2), “Qarabağ-2” (1:3) və MOİK-lə (2:2) üz-üzə gəlib.

 

“Sumqayıt-2”nin baş məşqçisi Vüqar Quliyev hazırlıq prosesi və çempionatın startı ilə əlaqədar klubun mətbuat xidmətinə açıqlama verib:

 

“İyul ayının 20-dən yeni mövsüm üçün hazırığa start vermişik. Təlim-məşq toplanışının ilk günlərində daha çox fiziki hazırlıq üzərində işlədik. Bu müddət ərzində bir neçə futbolçunu sınaqdan keçirdik. Avqustun 10-dan etibarən isə sırf olaraq texniki və taktiki çalışmalara başlamaqla yoxlama oyunları keçirdik. Hazırlıq matçlarında müxtəlif sistemlər üzərində test etməklə komandanı komplekləşdirməyə çalışdıq. Heyətimizin böyük hissəsi, təxminən 75 faizi akademiyamızın yetirmələrindən təşkil olunub. Aşağı yaş qruplarında özlərini yaxşı tərəfdən göstərən gənc futbolçularla müqavilə bağladıq. Artıq bir həftədən sonra I Divizion start götürəcək. Bir-iki mövqedə çatışmazlıqlarımız olsa da, düşünürəm ki, ilk oyuna qədər tam şəkildə çempionata hazır olacağıq”.

Xəbər xətti