Samir Abasov: "Keyfiyyət öz sözünü dedi"

21:47 - 10 Mart 2023

"Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm, layiqli qələbə qazandılar. Buraxdığımız qollarda keyfiyyət öz sözünü dedi. Biz də həmin qol epizodlarını yaratdıq, amma əfsuslar olsun ki, sonluğu gətirə bilmədik. Futbolçunun həmin anda verdiyi qərardan çox şey asılıdır. "Sabah" futbolçuları bundan istifadə etdi. Bu oyunun üzərində çox dayanmaq istəmirəm. Deməzdim ki, "Sabah"a qarşı oyunlarımız alınmır. Məsələn, rəqibin vurduğu ilk qolun qarşısını almaq üçün məşqlərdə çox demişdik, çalışmışdıq. Dəfələrlə də futbolçulardan soruşmuşdum ki, bunu anladız? Cavab verdilər ki, "bəli, anladıq". Ancaq sonradan oyunda həmin qolu görmək məni çox üzdü. İkinci yarıda bir az yaxşı oynamağa başladıq, rəqibi təzyiqdə saxladıq. Epizodları qolla nəticələndirsəydik, başqa cür olması mümkün idi. Ancaq sonradan qapımızda qollar gördük. Hücuma atıldıqca, qapında qollar görürsən. Mən bu dəqiqə çətinlik çəkirəm, siz deyin, 0:4-lük oyun idi? Əminliklə deyə bilmirəm. Biz də qol vursaydıq, daha yaxşı olardı. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çıxış yolumuz yoxdur".

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 26-cı turunun "Sabah"la (0:4) görüşündən sonra deyib. Abasov jurnalistlərin suallarını cavablandırıb.

- Murad Musayev 4:0 hesabı qələbəyə baxmayaraq, "Sumqayıt"ın nümayiş etdirdiyi oyunu təriflədi. Qarşıdakı oyunlar üçün hansı dəyişikliklər etmək lazımdır?
- Burada, ancaq oyunda gördüklərimi danışa bilərəm. Oyuna baxdıqdan sonra bəlkə də, əks fikirlər səsləndirməyim mümkündür. 0:4 uduzan komandanın baş məşqçisi kimi, uzun-uzadı danışmaq üçün özümdə cəsarət də görmürəm. Amma fikirləşirəm ki, 100 faizli qol epizodlarımız var idi. Qol vursaydıq, oyun başqa cür gedə bilərdi. 

Dəyişikliklərə gəldikdə, biz bu oyunun üzərində dayanmaq istəyirdik. Çünki bundan sonrakı rəqibimiz də güc baxımından eynidir. "Qarabağ"la qarşılaşacağıq. Dəyişikliklər etməyə vaxtımız yoxdur. Beş gündən sonra "Qarabağ" kimi komandaya qarşı oynayacağıq. Bu səhvləri etməsək..."Sabah"ın vurduğu birinci qola hazırlaşmışdıq və həmin ötürmənin qarşısını kimin almalı olduğunu da demişdik. Bu səhvlər gələn oyunda olmasa, bəlkə rəqibə bu qədər epizod vermərik. Hər oyunda qol epizodu yaradırıq. Dəyişiklik barədə bu dəqiqə danışmaq çətindir.

Mirbağırağa

Xəbər xətti