"Türkiyədə oynayanda, qol vuranda da milliyə dəvət edilmirdim"

12:56 - 12 Aprel 2023

"Sumqayıt"ın yarımmüdafiəçisi Vüsal İsgəndərli Sportal.az saytına müsahibə verib. Son vaxtlar Azərbaycan milli komandasına cəlb edilməyən İsgəndərli bununla bağlı da danışıb. 

- "Neftçi"yə 0:4 hesabı ilə uduzduqdan sonra komandadakı durum necədir? Özünüzə nə ilə təsəlli verirsiz?

- Əlbəttə ki, bu hesab hamı üçün ağır məğlubiyyət oldu. Ancaq indi həvəsdən düşəcək vaxt deyil. Durumumuz hər kəsə bəllidir. Ona görə də, bu məğlubiyyətdən dərs çıxarıb növbəti tura hazırlaşırıq. Başqa yol yoxdur. 

- "Sumqayıt"ın futbolçuları qol epizodlarından yararlana bilmirdisə, "Neftçi" futbolçuları bunu yaxşı dəyərləndirirdi. Demək olar ki, "Neftçi" oyunçuları sizin futbolçulardan keyfiyyətcə üstündür?

- Onsuzda hər kəsə "Neftçi"də olan futbolçuların keyfiyyəti bəllidir. Ancaq bizim komandada da keyfiyyətli oyunçular çoxdur. Sadəcə onlar daha diqqətli, daha rahat oldular deyə, qollarını vurdular. 

- "Sumqayıt"ın birinci diviziona düşmək təhlükəsi hələ də qalıb. Səncə, bu baş verəcək?

- Bəli, komandalar arasında xallar ox yaxındır. Biz də təhlükəli yerdəyik. Ancaq özümüzə inanırıq və Premyer Liqada yerimizi qoruyub-saxlayacağımıza əminik. 

- Bildiyim qədərilə müqaviləndə belə bənd var idi ki, ölkə xaricindən təklif olarsa, komandanı tərk edib legioner həyatı yaşaya bilərsən. Təklif olmadı, yoxsa özün qalmaq istədin?

- Doğrudur, müqaviləmdə belə bənd var idi. Əslində, ölkə xaricindən iki təklifim var idi. Amma maddi şərtlərlə razılaşa bilmədik. Ona görə də, qaldım hazırkı komandamda.

- Bir ara milli komandaya dəvət edilirdin. Lakin "Sumqayıt"a gəldiyin vaxtdan Canni de Byazi səni ümumiyyətlə milliyə dəvət etmir. Artıq italiyalı mütəxəssisin siyahısında olmadığını düşünürsən?

- "Sumqayıt"dan əvvəl də, Türkiyədə oynayanda, qol vuranda da milliyə dəvət edilmirdim. Yəni, problem "Sumqayıt"a gəlməyimlə bağlı deyil. Bu məsələlərə görə özümü motivasiyadan salmıram. Daha çox inanıram, daha yaxşı olacam. Əminəm ki, milli formanı yenə də geyinəcəm.

Mirbağırağa

Xəbər xətti