"Sumqayıt"ın futbolçusu Vüsal İsgəndərli Premyer Liqanın 32-ci turunun "Kəpəz"lə matçından (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb:
Sportal.az 27 yaşlı hücumçunun müsahibəsini diqqətinizə çatdırır:
- Bilirdik ki, çətin oyun olacaq. "Kəpəz" yaxşı komandadır. Biz də istəkli, aqressiv kollektivik. Sadəcə olaraq bu il bir çox epizodlarda bəxtimiz gətirmir. Məşqçimiz, rəhbərlik bizə inanırdı, hamı bizə dəstək olurdu. Növbəti ev oyununda da qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.
- Rəqib azarkeşlərlə niyə dolanmırsan?
- Elə deməzdim. Məni alqışlayan azarkeşlər də var idi. Elə bir situasiyadır ki, bəlkə də buna fikir verməzdik. Amma indi olduğumuz durum, komandanın vəziyyəti, qaçırdığım epizodlara görə mənim özümün psixoloji durumum, hamısı üst-üstə toplanır. Belə olanda kənardan deyilənlər adama təsir edir. Şəxs olaraq mənim özümə ünvanlansa, heç vaxt fikir vermərəm. Amma ailəyə qarşı nəsə deyiləndə adam dayana bilmir. Bəli, mənim səhvimdir. Peşəkar olmaq lazımdır, kənara fikir vermək lazım deyil.
- Qol vurandan sonra azarkeşlərə tərəf baxıb əl jesti etdin...
- Qol epizodundan əvvəl də arxadan ünvanıma təhqirlər səslənirdi. Səhv məndədir əslində. Reaksiya verməli deyildim. Rəqib komandanın əməkdaşına da dedim ki, üzrlü saysınlar. "Kəpəz" böyük komandadır, hörmət olunası klubdur. Nəsə bir səhvim varsa, bütün azarkeşlərdən, "Kəpəz" klubundan üzr istəyirəm.
- Artıq Premyer Liqada qalmağı təmin etdiyinizi düşünmək olar?
- Xeyr. Hələ heç nə demək olmaz. Bu haqda düşünmək tezdir. Qarşıda "Səbail"lə oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, həmin matçda qələbə qazanaq. Bundan sonra Premyer Liqada qalmağı neçə faiz təmin etdiyimizi demək olar. Bizə yalnız qələbə lazımdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi