"Sumqayıt" Azərbaycan Premyer Liqasının 34-cü turunda doğma meydanda "Sabah"a 0:4 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün oyun haqda deyiləsi söz yoxdur. Rəqibi təbrik edirəm. "Beşiktaş"la matçdan sonra yorğun olmaqlarına baxmayaraq, çox yaxşı oynadılar. Daha çox qol vura bilərdilər. "Sabah" necə yaxşı vəziyyətdə olduğunu göstərdi.
- Sanki, "Sabah" elitada qalmaq uğrunda oynayırdı, "Sumqayıt" isə medalları təmin etmiş kimi. Premyer Liqada qalmaq istəyən komanda niyə belə oynayır?
- Ya futbol oynamalısan, ya ürəyini qoymalısan. İkisi də yoxdursa, belə mənzərənin şahidi olacaqsan. Birinci qoldan sonra qapıçının səhvləri oldu. Bu il bundan çox əziyyət çəkirik. Əvvəlki oyundan sonra demişdim ki, öz komandamı yaxşı tanıyıram, gücümüzə bələdəm. Özümüzdən çox rəqiblərimizin oyunu çempionatda qalmağımıza kömək olacaq. Yenə bu ümidlə buradan gedirik. Növbəti rəqiblərimiz bundan da çətindir, çempionla oynayacağıq. Şanslarımız varmı? Bu, heç müzakirə mövzusu deyil.
- "Sabah"la oyunlarınızda top fərqi 17:0-dır. Bu rəqibə qarşı belə zəif oynamağınızın səbəbi nədir?
- Reallığı qəbul etməliyik. Bu cür rəqiblərlə ümumiyyətlə oynaya bilmirik. Neçə dəfə belə oyunların şahidi olmuşuq. 70-ə yaxın qol buraxmışıq. Tək "Sabah" yox, "Şamaxı" da bizə 4 qol vurub. Müdafiədə problemlərimiz var. Bu cür oyunlarda sezilir. Biz çox maraqlı komandayıq. Elə olur ki, epizodları dəyərləndirə bilirik. Elə matçlar da olur ki, oyun nəzarətimiz altındadır, özümüz rəqibə hədiyyə edirik ki, gəl bizi ud. Bunun acısını çəkirik. Ümid edirik ki, çempionatda qalacağıq. "Zirə" ilə ev oyunumuz var. Bizim yaşadığımız bütün komandaların başına gələ bilər. Yuxarı pillələrdə olan komandalar da bu situasiyalardan keçib. İndi bizim növbəmizdir, biz bu dönəmdəyik. Səbr etməliyik. Çempionatda qalsaq, növbəti mövsümə köklü dəyişikliklərlə girməliyik.
- Etiraf etmək olar ki, cari mövsümdə "Sumqayıt"ın transfer siyasəti iflasa uğrayıb?
- Tək transfer siyasəti deyil. Bu qədər problemlər varsa, deməli işlər əzəldən düz getməyib. Bu, hamımıza aiddir. Belə hallar tək bizim başımıza gəlmir. Heç kimin üstünə atmırıq. Legioner transfer etməyə icazə veriləndən sonra ilk mövsümümüzdür. Düzdür, bu, məndən əvvəl baş verib. Bu yöndə həddən çox səhvlər olacaq. Seçim məsələsində səbrli olmaq lazımdır. Məndən əvvəlki məşqçinin fikirlərinə görə seçilmiş oyunçulardır. Bunlar hamısı yığıldı və belə nəticə yarandı. Çıxış yolu köklü dəyişikliklərdir. Bu, olmasa, eyni şeyləri yenə yaşaya bilərik.
- Şahin Diniyev hər dəfə əminliklə deyir ki, "Səbail" Premyer Liqada qalacaq. Bəs siz nə düşünürsünüz?
- Neçə dəfə bu sualları vermisiz. Öz rəqiblərimizlə oyunları udmağımıza baxmayaraq mən bu suala əminliklə cavab verə bilməmişəm. Bizi düşmə zonasından yuxarıda saxlayan da həmin matçlarda qazanılan xallardır. Şahin Diniyevin fikirlərinə görə demirəm, bunu əminliklə demək üçün əlində zəmin olmalıdır. Bir baş məşqçi kimi mənim əlimdə zəmin yoxdur. Nəyəsə arxalana da bilmirəm ki, bunu əminliklə deyim.
- İlk hissədə Aleksey Kaşukla söhbətiniz oldu. Orada nə baş vermişdi?
- Mübahisə deyildi. Topun kimdən çıxması məsələsinə aydınlıq gətirdik, vəssalam.
- "Kəpəz"lə matçdan sonra demişdiz ki, bu cür oyunla I Diviziona düşməyə layiqik. Yenə həmin fikirdəsiz?
- "Kəpəz" birbaşa rəqibimizdir. Emosiyalar ola bilər. Nəinki, Şahin Diniyev, "Şamaxı" da ilin əvvəlindən deyir ki, Premyer Liqada qalacağıq. Buna görə onlarda günah görmürəm. Öz komandalarına inanırlar, ola bilər ki, motivasiya verirlər. Amma mən elə fikirlər deməyə-deməyə hələ də turnir cədvəlində onlardan üstünük.
- Komandanın uğursuz nəticələrinə stabilliyin olmaması təsir edir?
- Bəli, qeyri-stabilik. Milli komandaların fasiləsi zamanı yüksəlişdə idik. Kontingentimiz stabilliyi qoruyub-saxlamağa imkan vermir. Biz və bizim kimi komandalar çempionatda qalmaq üçün dalaşırıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi