"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov Sportal.az saytına müsahibə verib.
- "Sumqayıt" son turda evdə "Sabah"a 0:4 hesabı ilə uduzdu. İstədiyiniz kimi oynaya bilmədiz? Səncə, bu görüşdəki məğlubiyyətə səbəb nə idi?
- Əslində, oyuna pis başlamamışdıq. İlk qola qədər yaxşı çıxış edirdik. Amma qol buraxdıqdan sonra oyuna qayıda bilmədik. Bu da, bizim bu mövsümkü ən böyük problemimizdir.
- Ola bilər ki, bu mövsüm onlara evdə 0:6 uduzmağınız psixoloji olaraq oyundan əvvəl sizə təsir etmişdi? Meydana çıxanda inamsızlıq var idi?
- Psixoloji sarıdan çətinlik yox idi. Sadəcə olaraq, bu mövsüm güclü rəqibə qarşı oyunumuz alınmır. Bu dəfə də, belə oldu.
- Bu mövsüm evdə "Sabah"dan 10 top buraxmısız. "Sabah"la niyə bacara bilmirsiz?
- Təkcə "Sabah"la deyil, dediyim kimi, güclü rəqiblərə qarşı çətinlik çəkirik. Əlbəttə, buna təəssüf edirik. Lakin vəziyyət belədir.
- "Sumqayıt"ı hazırda son pillədən cəmi dörd xal öndədir. Amma mövsümün bitməsinə iki tur qalıb. Gərginlik var, yoxsa Premyer Liqada qalacağınıza arxayınsız?
- Əlbəttə ki, gərginlik var. Bu da bizə təsir edir. Çalışmalıyıq ki, liqada qalaq. Başqa yolumuz yoxdur.
- "Sumqayıt"ın növbəti görüşü "Qarabağ"a qarşıdır. Hansı ki, bu komanda ötən tur çempionluğunu reallaşdırıb. Bu matçda "Sumqayıt"ın xal qazanmaq, qalib gəlmək şansı realdır?
- Reallıq onu göstərir ki, bu gün "Qarabağ"la oynamaq bizim üçün çətindir. Amma yenə də, çalışmalıyıq ki, xal götürək. Futboldur da, hər şey mümkündür.
- Yəqin ki, çempionluq onları arxayın edə bilər. Bu, xal qazanmağınıza kömək edər, yoxsa istənilən halda, "Qarabağ"dan xal almağın çətin olacağını düşünürsən?
- "Qarabağ" hər oyunu sona qədər oynayır. Onlar da meydana qələbə üçün çıxacaq. Özü də, evdə oynayırlar. Çox diqqətli olmalıyıq.
- Yeni mövsümə "Sumqayıt"da başlayacaqsan? Bu mövsümkü uğursuz çıxışınızdan sonra komandadan ayrılmaq haqda düşünürsən?
- O barədə danışmaq istəmirəm. Çünki indiki vəziyyət mənə pis təsir edir. Allah qoysa, "Sumqayıt"ı liqada saxlayaq, ondan sonra gələcək karyera haqda danışmaq olar.
Elçin Əlixan
saytlarin hazirlanmasi