"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün "Qarabağ"la oyunda hər şey bitmişdi, çempionatda yerimizi təmin etmişdik. Ona görə də bu oyuna rahat, stressiz çıxmışdıq. Kimə nə deyəsən? Uşaqları bu cür oyunlara kökləmək çətindir. Futbolçularda həddindən artıq rahatlıq var idi. Bu da başadüşüləndir. Çempionatda qalmağımıza görə təbrik düşür ya düşmür, bilmirəm. Doğrudan da futbolçular son matçlarda çox əziyyət çəkdilər. Qalanlarla işimiz çoxdur, gedənlərə uğurlar arzulayıram. "Qarabağ"la oyundan sonra gələcək üçün planların üzərində işləməyə başlamışıq. Bu şəhər daha yaxşı yerlərə layiqdir. Onu da edəcəyik".
Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının "Zirə"(0:3) ilə keçirilən görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. Abasov jurnalistlərin suallarını cavablandırıb.
- Hər zaman 90 dəqiqə gərgin olan Samir Abasov bu gün çox rahat idi. Rahat şəkildə oyun izləmək necə hissdir?
- Mənim üçün heç də xoş deyil. Bilmirsən futbolçuları necə kökləyəsən. Heyif deyil həmin gərginlik? Çox çətindir. Bu gün qınanılası bir şey yoxdur. Digər tərəfdən də can-sağlığı baxımından bundan yaxşı şey yoxdur. Otur rahat oyuna bax, nə olar-olar. Təki belə şeylərə vərdiş olmayaq, bütün oyunlarımız gərgin keçsin.
- Ayxan Süleymanov ilk dəfə meydana çıxdı. Bu artıq Premyer Liqada qalmağı təmin etmiyinizlə bağlı idi?
- Ehtiyatda qalan digər oyunçular olsaydı, onları da buraxacaqdıq. Bu, sırf nəticə ilə bağlıdır. Səmimi deyim, taleyimiz bu matçdan asılı olsaydı, nə Ayxan, nə Nihat bu gün oynamayacaqdı. Premyer Liqada qalmağımız dəqiqləşib deyə onlara şans verdim.
- "Qarabağ"la matçdan sonra Ramil Şeydayevlə Todor Todoroski arasında insident yaşanıb və şimali makedoniyalının "azərbaycanlı futbolçular səfehdir" dediyi iddia olunur. Futbolçunuzla bu haqda söhbət etmisiniz?
- Başqa cür danışacağıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi