"Sumqayıt" Avropa Klublar Birliyinə üzv seçildi

22:25 - 18 İyul 2023

"Sumqayıt" Futbol Klubu Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.

Sportal.az xəbər verir ki, bu barədə ECA-dan kluba rəsmi müraciət daxil olub. Bildirilib ki, klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyünə qəbul olunub.

Həmçinin qeyd olunub ki, "Sumqayıt" qurumun sentyabrda baş tutacaq Baş Assambleyasına dəvət olunacaq.

Məlumat üçün bildirək ki, Assosiativ üzvlərin ECA-nın Baş Assambleyasında iştirak etmək də daxil olmaqla, çox geniş hüquqları var. Onlar müxtəlif bölmələrə rəhbərlik üçün namizədlər irəli sürmək, səsvermələrdə iştirak etmək, həmçinin ECA-nın müxtəlif məşvərət orqanlarına (məsələn, İşçi qruplar) müraciət etmək hüququna malikdirlər.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyətə başlamış ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Birliyin hazırda 330 üzvü vardır ki, bu klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.

Azərbaycan klublarından "Neftçi", "Qarabağ" və "Qəbələ" hazırda qurumun üzvləridir.


Xəbər xətti