"Sumqayıt"ın futbolçusu İsa Suliman Premyer Liqanın 3-cü turunun "Qəbələ" ilə matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az pakistanlı müdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:
- İlk olaraq oyun barədə fikirlərin...
- Çətin oyun oldu. Heç də yaxşı formamızda deyildik. Amma biz xarakter göstərərək istədiyimiz nəticəni əldə etdik.
- Formada olmadığınızı dedin. Təxminən neçə tur lazımdır istədiyiniz formada olmanıza?
- Daha çox oyun keçirməyimiz lazımdır. Bunu zaman göstərəcək. Bizim üzərimizə düşən ən yaxşı oyunumuzu oynamaqdır.
- Ölkəmizdə ilk qolunu vurdun. Nələr deyə bilərsən?
- Vurduğum birinci qolla komandam qələbə qazandığı üçün fəxr edirəm.
- Davamı gələ bilərmi? Ümumiyyətlə, standart vəziyyətlərdən fərqlənməyi sevirsənmi?
- Açığı, mənim üçün əsas olan qol vurmaq yox, müdafiədə komandama kömək etməldir. Səmimi etiraf edim ki, peşəkar karyeramda ilk qolumudur. Adət etdiyim bir şey deyil.
- Sona yaxın bir epizodda topu boş qapıdan çıxardın. Vurduğun qolu, yoxsa komandanı qoldan xilas etməyi daha dəyərli hesab edirsən?
- Mənim üçün qol vurmaq daha fərəhlidir. Lakin əsas məqsədim müdafiədən oynamaqdır. Ən əsas olanı isə nəticə idi və onu da qazandıq.
- Bu gün matçın adamı olmağın ölkəmizə daha yaxşı adaptasiya olmağına nə kimi fayda verə bilər?
- Təbii ki, daha çox köməyi dəyəcək. Daha çox oyun, daha çox zaman lazımdır. Cəmi 1 ayda burdayam və 2 oyun keçirmişəm. Lakin oyunun qəhrəmanı olmasam belə, üzərimdə daha çox işləyirəm ki, proses tez keçsin.
- Premyer Liqanın səviyyəsi bura gələnə qədər düşündüyün kimidir, yoxsa gözlədiyindən daha yaxşı səviyyə ilə üz-üzəsən?
- Gələnə qədər o qədər də məlumatlı deyildim. Əslində də indi də çox məlumatlı sayılmaya bilərəm. Cəmi 2 oyun keçirmişəm. Amma yaxşı olduğunu deyə bilərəm. Müxtəlif ölkələrdən legionerlər var. Elə hücumçular var ki, mənə çətinlik yarada biləcəklər. Onlara qarşı oynamaqla təcrübə yığacam.
- Azərbaycanla bağlı ilkin təəssüratların necədir?
- Mən Sumqayıtda yaşayıram. Paytaxt Bakı da yaxın olduğu üçün gedib-gəlirəm. Fikirlərim çox müsbətdir.
- Azərbaycanda pakistanlılara xüsusi münasibət var. Bunu hiss edirsən?
- Bura gəlməmişdən əvvəl ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu demişdilər. Müsəlman ölkəsidir və mən də bunu hiss edirəm. Azərbaycanlılar haqqında fikrim çox yaxşıdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi