"Sumqayıt" Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Zirə"ni təbrik edirəm. Rəqibin azlıqda qalmağı kənardan rahat görünə bilər. Üstünlüyümüz var idi. Amma bundan yararlanmaq çətin idi. Rəqib 10 nəfərlə qaldığı üçün qapanır. Belə olan halda maksimum 2-3 qol vəziyyəti yaratmaq olur. İki dənə yüz faizli qol epizodu yaratdıq. Bunları qola çevirə bilmədik və nəticədə buradan xalla dönə bilmədik. İndi düşünürəm ki, kaş rəqib azlıqda qalmazdı. "Zirə" 11 nəfərlə olsaydı, bəlkə də başqa cür oyun gedərdi. Futbolçular bacardıqlarını etdilər. Düzdür, bir az artığını etmək lazım idi. Hələ mövsümün əvvəlidir. Bu gün yeni gələn futbolçular oynayırdı. Onlara bir az vaxt lazımdır. Ümumi olaraq pis oynamırdıq. Oyuna nəzarəti ələ keçirmişdik. Məni məyus edən məqam odur ki, ən azı bir qol vura bilərdik.
- Hakim idarəçiliyini necə dəyərləndirirsiz?
- Hakimlikdən danışmaq istəmirəm. Qırmızı vərəqəyə görə veriləcək qərarı gözləyirəm. Məndən əvvəlki qırmızı vərəqələrə baxın. Mənim etdiyim daha yumşaq idi. Məsələn Murad Musayevin etdikləri. Bundan sonra çıxarılan qərarlara baxıb danışacağam.
- Elvin Bədəlovun əvəzlənməsi nə ilə bağlı idi?
- 10 gün Elvinsiz məşq etmişdik. Həmin ərəfədə Kristianı komandaya cəlb etdik. Təəssüf ki, iki gündən sonra xəstələndi. Elvinin milliyə çağırılması bizi sevindirir. Amma gedib millidə oynamamağı onu ritmdən salır. Bu, bugünkü oyunda öz sözünü dedi. Onu əvəzləməyimizin səbəbi hücumu gücləndirmək idi.
- İlk hissədə Səbuhi Abdullazadəyə irad bildirməyinizin səbəbi nə idi?
- İradlar tək Səbuhiyə deyildi. Yadıma sala bilmirəm. Bir dəfə arxaya oynadı. Ona görə əsəbiləşdim.
- Vüqar Mustafayev rəqabətdə uduzur? Onun oynamamasının səbəbi nədir?
- Yox, uduzmur. Sadəcə olaraq oyundan oyuna fərq var. Həmin mövqedə yetərincə oyunçumuz var. Hansı tandem bir-birinə uyğundursa, onlar oynayır. Rəqabətə davamlı möhkəm komandamız var.
Elçin Əlixan
saytlarin hazirlanmasi