"Sumqayıt" Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın ilk qolunun müəllifi olan Elvin Bədəlov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Tovuzda oynamaq hamı üçün çətindir. Bizə də çətin oldu. Yaxşı ki, tez qol vurduq. 2:0 öndə olanda təzyiq hiss edirdik. İkinci hissəyə pis başladıq. Təzyiqə dözə bilmədik. Rəqib 15 dəqiqədə 2 qol vurdu. Sonra biz bir az sakitləşdik və oyunumuzu oynamağa başladıq. Qol fürsətlərimiz də oldu. Ədalətli heç-heçə deyə bilərəm. Çətin səfərdə 1 xal da dəyərlidir.
- Mövsümdə ilk qolunu vurdun. Təəssüratların necədir?
- Sevinirəm. Amma nəticə daha önəmlidir. Qələbə qazansaydıq, daha yaxşı olardı. Vurduğum qol komandaya qələbə qazandırmadı deyə bir az təəssüflənirəm. Çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaq.
- Erkən qol vuracağınızı gözləyirdiniz?
- Bəli, gözləyirdik. Biz həmişə ilk dəqiqələrdə aktivik. "Zirə" ilə matçda da startda fürsətlərimiz oldu. Tovuza gələnə üçün gəlmişdik. Erkən qol vurmağımızda təəccüblü bir şey yoxdur.
- Fasilədən sonra iki qol buraxdınız. Bunun səbəbi rəqibin təzyiqi idi, yoxsa "Sumqayıt" oyuna yaxşı köklənə bilməmişdi?
- Deyərdim ki, bizim konsentrasiyamız bir az itdi. "Turan Tovuz" ilk hissə ilə eyni oyunu oynayırdı. Ucaboy hücumçuları var, onlara uzun ötürmələr verirdilər. Bunu gözləyirdik. Amma təəssüf ki, qarşısını ala bilmədik.
- Qış fasiləsinə üç tur qalıb. Mövqeyinizi qorumaq üçün nəyə ümid edirsiz?
- Oyundan-oyuna gedirik. Ümidliyik. Düzdür, çətin qrafikdəyik, kubok oyunları da var. Çalışacağıq ki, maksimum xal toplayaq. Necə olacağını görəcəyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi