Samir Abasov: "Sanki komandalar ən önəmli matçlarından birinə çıxmışdı"

21:38 - 31 Yanvar 2024

"Sumqayıt" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Neftçi"yə 2:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Gərgin və maraqlı oyun alındı. Əksər hallarda kubokda ilk oyun bir az sönük keçir. Görünürdü ki, hər iki komanda uduzmaq istəmir. Sanki komandalar ən önəmli matçlarından birinə çıxmışdı. Futbolçularımı təbrik edirəm. İkinci hissədə yaxşı oynadılar. 0:3-dən sonra sınan komanda kimi görmədik. Komanda inanırdı ki, oyunu çevirə bilər. Rəqibin üçüncü qolu məni məyus etdi. Düşünürəm ki, top meydandan çıxmışdı. Bu, Mehdi Cənnətovun da sarı vərəqə almasına səbəb oldu. İkinci oyunumuz var. Bundan əvvəl də yeni stadionumuzda "Neftçi" ilə çempionat matçı var. İnanıram ki, oyun azarkeşlərin stadiona gəlməyinə səbəb olar.

- Birinci hissədə nə çatmadı?

- İlk yarıda rəsmən mərkəzi əldən verdik. Əslində belə təzyiqi gözləyirdik. Amma buna hazırıq. Çünki, oyunumuz təzyiq altında keçir. Bu, sırf ortada və hücumda olan oyunçulara aiddir. Əfsuslar olsun ki, təzyiqdən çıxa və oyunu meydanın rəqibə aid hissəsində qura bilmədik. Səbəb sırf bu idi. Buna görə də ikinci hissədə dəyişikliklər etdik və oyunu bərabərləşdirdik.

- "Kapital Bank Arena"da son oyununuz idi. Bu stadionla bağlı hansı unudulmaz xatirələriniz var?

- İndi sırf oyuna köklənmişəm, fikirlərim ordadır. Çox çətindir. Burada kubokda yarımfinalda "Qarabağ"ı keçmək möhtəşəm idi. Düzdür, mən burada yox idim. Bizim keçməyimizin də səbəbi mənim burada olmamağım idi. Uşaqlar rahat oynadılar. Xəbəri mən səfərdə olanda almışdım. Çox əla hiss idi. Ümumiyyətlə burada oyunların hamısı maraqlı keçib.

Elçin Əlixan

Xəbər xətti